Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri zamanı İnstitutun İdarə Heyətinin sədrinin müavini Vəfaddin İbayev çıxış edərək layihənin əhəmiyyətinə və tarix-mədəni irsin qorunmasının vacibliyinə toxunub.
Vəfaddin İbayev bildirib ki, məzmununa və məqsədinə görə tədbir böyük miqyaslı olmasa da, əhəmiyyətli məzmun daşıyır. “Biz tariximizi, mədəni irsimizi araşdırmaqla torpaqları yada salırıq. Torpaq ana kimidir — o, əvvəl bizi yetişdirir, sonra bizi qorumağa və geri qaytarmağa çağırır. Buna görə də bizim vəzifəmiz torpaqları daim qorumaqdır,” — deyə o vurğulayıb.
Vəfaddin İbayev 30 il davam edən işğal dövrünün göstərdiyini qeyd edərək, torpaqları itirməyin asan, lakin onları sonradan geri qaytarmağın çətin olduğunu bildirib:
“Ulu Öndər Heydər Əliyevin Kəlbəcər qaçqınları ilə 1996-cı il görüşündən bir sitat gətirim. Həmin görüşdə Kəlbəcərin qorunması və bu mövzuda məsuliyyət məsələlərinin vacibliyi vurğulanmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər Ulu Öndərin arzularının həyata keçirilməsinə xidmət edir, lakin bəzi məsələlərin icrası üçün ictimai təşəbbüslərə də ehtiyac var.”
Vəfaddin İbayev iştirakçılara təşəkkürünü bildirərək, mədəni irsin qorunması və torpaqların müdafiəsində birlik və fəallığın əhəmiyyətini bir daha önə çəkib.
 
                        