AZ

Pezeşkianın islahat cəhdi niyə nəticə vermir?  

İran Prezidenti Məsud Pezeşkian İƏT üzv ölkələri arasında əməkdaşlığın dərinləşməsində Azərbaycanın mühüm rolunu qeyd edib.


“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daxili İşlər Nazirlərinin 4-cü görüşündə çıxış edən Prezident bildirib ki, Xankəndində keçirilən İƏT sammiti region dövlətlərinin tərəfdaşlığı gücləndirmək və davamlı inkişaf və təhlükəsizliyi təmin etmək üçün birgə işləmək əzminin artan göstəricisidir.

Pezeşkian sərhəd idarəçiliyi, qanunsuz miqrasiya, insan alveri, narkotik qaçaqmalçılığı, terrorizm və mütəşəkkil cinayətkarlıq kimi sahələrdə birgə səylərin vacibliyini vurğulayıb. O həmçinin İƏT ölkələri arasında məhkəmə sahəsində əməkdaşlığının vacibliyini qeyd edərək, regionun xarici müdaxilə və təhdidlərlə üzləşdiyini vurğulayıb.

Xatırladaq ki, Pezeşkian Azərbaycana ikinci səfəri çərçivəsində Şuşaya da baş çəkmişdi. O həmçinin Azərbaycan Respublikası haqda vaxtaşırı xoş fikirlər söyləməsi və buna görə İrandakı radikal-mühafizəkar çevrələrin ən çox hədəfinə gələn prezident kimi tanınır.       

Bəs Azərbaycan kökənli prezidentin konkret olaraq müstəqil Azərbaycana münasibətdə xoşməramlı siyasəti İranın dövlət siyasətinə çevrilə biləcəkmi? Pezeşkiana verdiyi vədləri, o sırada Azərbaycan məktəbləri ilə bağlı vədi reallaşdırmağa imkan veriləcəkmi?

Məlumdur ki, ötən il Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsi istiqamətində ilk addımı atmış, “15-ci Prinsip Komitəsi” yaradılmış və doktor Cavad Miri komitənin rəhbəri təyin edilmişdi. 15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirmişdilər.

Hazırda bu sahədə vəziyyət necədir, irəliləyiş varmı?

Onu da xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

“Bəli, Pezeşkian çalışır ki, ümumiyyətlə, türk dilinin dövlət səviyyəsində tanınmasına nail olunsun və eyni zamanda Azərbaycan Respublikası ilə qonşu dövlət olan İran arasında normal münasibətlər təmin edilsin. Lakin təəssüf ki, İranda prezidentdən daha çox ali dini rəhbərin sözü keçir. Ali dini rəhbərin statusu prezidentdən daha yüksəkdir; buna görə də prezident onun icazəsi, iştirakı olmadan ciddi addım ata bilmir. Faktiki olaraq İranda iki hakimiyyətlik mövcuddur: bir tərəfdə xalqın seçdiyi prezident, digər tərəfdə isə xalqdan səs almadan prezidentdən də üstün vəzifə tutan ali dini rəhbərlik. Ona görə də bu məsələlərin həlli çətindir.

Buna görə də mən dəfələrlə şərh etmişəm ki, İranda qurtuluşun tək çıxış yolu dünyəvi, normal dövlət quruluşuna keçməkdən keçir. Yəni nə qədər ki, İranda ali dini rəhbərlik müəyyən məzhəbin daşıyıcıları üzərində söz sahibidirsə, orada çağdaş dünyanın tələblərinə uyğun məsələləri həll etmək mümkün olmayacaq. Bir xalqın dilini qadağan etmək, onun dilində məktəblər açılmasına imkan verməmək 21-ci əsrə uyğun deyil.

İranın çıxış yolu birincisi, dini dövlət olmaqdan imtina etmək, ikincisi, xalqın seçdiyi prezidentin səlahiyyətlərinin tam şəkildə tanınmasıdır. Üçüncü olaraq isə ali dini rəhbərliyin institusional şəkildə ləğv edilməsi vacibdir; bu institutu ləğv etmədikcə ölkədəki problemlər qalmaqda davam edəcək. Pezeşkian və ya başqa bir türk prezident seçilsə belə, bu məsələləri həll edə bilməyəcək, çünki ali dini rəhbərlik buna imkan vermir”.

Azər Həsrət qeyd edib ki, İran köklü islahatlara getməlidir: dünyəvi dövlətə çevrilməli, ali dini rəhbərliyin statusu azaldılmalı və xalqdan səs almış prezident gerçək səlahiyyətə malik olmalıdır:

“O zaman Pezeşkianın təklifləri boş qalmayacaq, əksinə reallaşacaq və İranın üzləşdiyi məzmunlu problemlər kökündən həllini tapacaq. Bu islahatların yaxın zamanda baş verəcəyini isə mən şəxsən real hesab etmirəm. Buna görə də mən düşünürəm ki, Güney Azərbaycanda, o cümlədən İran türkləri öz hüquqları və gələcəkləri üçün öz yollarını tapmalı, özlərini qorumaq məcburiyyətindədirlər, çünki fars hakimiyyəti onların haqlarını tanımadığı müddətcə türklər öz mədəniyyətlərini və hüquqlarını təmin etmək üçün daha müstəqil yollar axtarmalı olacaqlar”.

 

Xalidə Gəray
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr