Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət idarəçiliyində sədaqət və məsuliyyətin vacibliyinə diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dövləti vahid, güclü və özünü səhlənkar məmurlardan təmizləməyə qadir bir sistemə çevrilib.
Musavat.com xəbər verir ki, Əzizovun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə idarəetmə mexanizmlərində şəffaflıq və məsuliyyət prinsipi daha da güclənib:
“Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi, özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir.”
Lakin müşahidəçilərin fikrincə, Eldar Əzizovun bu bəyanatı həm də müəyyən qədər müdafiə tonunda səslənir.
Siyasi müşahidəçilər qeyd edirlər ki, Əzizovun bu çıxışı sanki özünü keçmiş dostu və komanda yoldaşı Ramiz Mehdiyevdən uzaq göstərmək cəhdi təsiri bağışlayır. Mənbələrə görə, bir zamanlar Əzizov Ramiz Mehdiyevin yaxın və etibarlı çevrəsinə daxil olub.
Ekspertlər hesab edirlər ki, bu açıqlama həm də hazırkı siyasi təmizlənmə prosesləri fonunda “gecikmiş qabaqlama” xarakteri daşıyır və Eldar Əzizovun “hədəfə düşmə” qorxusundan irəli gəlir.
Musavat.com