Birinci Qarabağ döyüşlərində düşmüş Şəhid Nuriyev Aydın Nəriman oğlunun nəşi Göyçay rayonunun Mırtı kəndindəki ata evinə gətirilib.
NOCOMMENT.az -ın Şirvan bürosu xəbər verir ki, vida mərasimi zamanı cənazə namazı qılındıqdan sonra onun nəşi Mırtı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, şəhid Aydın Nuriyev 1966-cı ildə noyabr ayının 05-də Mırtı kəndində anadan olub.O, 1973-cü ildə indiki Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 8-ci sinifi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikomuna daxil omuşdur. Təhsilini bitirdikdən sonra A.Nuriyev 1985-ci ildə Sovet İttifaqının Murmansk vilayətində Sovet donanmasında hərbi xidmətə başlamışdır.
1988-ci ildə hərbi xidmətini başa vurub vətənə dönən A.Nuriyev Xocalı Tikiş Fabrikində əmək fəaliyyətinə başlamışdır. A.Nuriyev 1992-ci ildə Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşulmuş və bir çox döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin fevral ayının 26-da Xocalı rayonunun müdafiəsi zamanı şəhid olmuş və itkin düşmüşdür.
