AZ

Kreml: Rusiya nüvə sınaqları moratoriumunun pozulacağı təqdirdə şəraitə uyğun addımlar atacaq

Moskva, 30 oktyabr, AZƏRTAC

Hər hansı bir ölkə nüvə silahı sınaqlarına qoyulan mövcud moratoriumu pozarsa, Rusiya bu şəraitə uyğun addımlar atacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Amerikanın nüvə sınaqlarına yenidən başlaması ehtimalı ilə bağlı açıqlamasını şərh edərkən deyib. “Prezident Putinin dəfələrlə təkrarlanan açıqlamasını xatırlatmaq istərdim: kimsə moratoriumdan imtina edərsə, Rusiya da buna uyğun hərəkət edəcək”, - deyə Kremlin sözçüsü bildirib.

Jurnalistlərin ABŞ-ın Rusiyanı nüvə sınaqlarına başlamaq planları barədə məlumatlandırıb-xəbərdar etməməsi ilə bağlı sualına Peskov “xeyr” cavabını verib. O, həmçinin ABŞ liderinin guya nüvə silahı sınaqları keçirən digər ölkələrlə bağlı açıqlamasına da münasibət bildirib. “İndiyə qədər kiminsə sınaq keçirdiyini bilmirdik. Əgər bu, “Burevestnik”in buraxılmasına aiddirsə, onda nüvə sınağından söhbət getmir. Bütün ölkələr müdafiə sistemlərini inkişaf etdirir, lakin bunun nüvə sınaqları ilə heç bir əlaqəsi yoxdur”, - deyə Peskov vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, ABŞ suveren dövlətdir və öz qərarlarını vermək hüququna malikdir. Eyni zamanda, Kreml vurğulayır ki, Vladimir Putinin “Burevestnik” və “Poseydon” sınaqları ilə bağlı bəyanatları və Donald Trampın nüvə silahları ilə bağlı açıqlamaları Rusiya ilə ABŞ arasında dialoqun çıxılmaz vəziyyətə düşdüyü anlamına gəlmir.

O, hazırda Rusiya ilə ABŞ arasında ekspert səviyyəsində nüvə tərk-silahı danışıqlarının aparılmadığını, hərçənd onlara ehtiyac olmasının dəfələrlə müzakirə edildiyini bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
15
3
azertag.az

4Mənbələr