2. Sərkərdəlik məharəti
Ötən hər gün bizə beş il əvvəl sonsuz həyəcanla cəbhədən xəbərlər gözlədiyimiz günləri xatırlatmaqla, bizi addım-addım Zəfərə yaxınlaşdırır. Bu Zəfərdə xalqın hər bir övladının payı var. Hamı torpaqlarımızın işğaldan azad olunmasına sevinir, əsgərlərimizin uğuru ilə qürur duyur. Bu günlərin sevincini Azərbaycan xalqına şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsi günlərində əlinə silah alıb düşmənə qarşı duran əsgər və zabitlərimiz, generallarımız, Ali Baş Komandanımız İlham Əliyev bəxş edib. Bu sevinc uzun illərin hazırlıq prosesinin nəticəsində qazanılıb. Bu yazıda qələbənin qazanılmasında ən vacib amil olan sərkərdəlik məharətindən söhbət açılır.
Qədim Çin hərb sənətinin ustadı Sun Tzu deyirdi: “Sərkərdə dövlətin istehkamıdır; əgər istehkam hər cəhətdən mükəmməldirsə, dövlət güclü olacaq; əgər istehkam nöqsanlıdırsa, dövlət zəif olacaq”. Azərbaycan istehkamının zəif olması nəticəsində 30 il əvvəl itirmiş olduğu torpaqlarını sahiblərinə qaytarmaq üçün hazırlaşmış, ordu quruculuğunu mükəmməllik səviyyəsinə çatdırmış, əsgər və zabitinin vətənpərvərlik hisslərini yüksəltmişdi. Bu hazırlıq prosesi əsgərlərlə yanaşı sərkərdəlik məharətinin də ən yüksək inkişaf səviyyəsinə çatmasını təmin etmişdi.
Ali Baş Komandan İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etmək üçün bir tarixi şəxsiyyət kimi yetişmiş və verdiyi qığılcımdan alışaraq alovlanan materialı – Azərbaycan Ordusunu, Azərbaycan xalqını qələbəyə hazırlamışdı. Tarixi şərait yetişmiş, Vətən müharibəsi günlərində Azərbaycan Ordusu, onun Ali Baş Komandanı, generalları, zabitləri, əsgərləri birləşmiş, erməni işğalçılarını Vətən torpağından qovub çıxarmaq eşqi ilə alışıb yanırdı.
Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına 2020-ci ilin sentyabr ayının 27-də növbəti hücumu sərt və qəti müqavimətlə üzləşdi. Cənab Prezident çıxışında bildirdi: “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!” . Prezident İlham Əliyev on yeddi il idi ki, bu siyasətin məqsədlərini müəyyən etmişdi. Bu, qələbənin, uğurun əldə edilməsi üçün mühüm amil idi.
İngilis tarixçisi Frenk Edkok Romanın hərb sənətindən bəhs edərkən yazır: “Roma özünün bütün tarixi boyu düşünülmüş, ölçülüb-biçilmiş, ardıcıl xarici siyasət yeritmişdir... Bu siyasətin məqsədi praktiki olaraq həmişə Roma dövlətinin sərhədlərinin və onun təsir dairəsinin genişləndirilməsi olmuşdur”.
İkinci Qarabağ müharibəsində isə Azərbaycanın məqsədi Romanınkından fərqli idi. Azərbaycan sərhədlərini genişləndirməyə deyil, işğal altında olan torpaqlarını azad etməyə, ərazi bütövlüyünü təmin etməyə çalışırdı.
İlham Əliyev Ali Baş Komandan kimi müzəffər ordunun qələbəsinə inanırdı. Çünki on yeddi il ərzində o, ordunu qələbəyə hazırlamış, vətənpərvər əsgərlər tərbiyə etmişdi. Qələbə üçün xalqın birliyi, rəhbərin siyasi iradəsi əsas şərtlərdir. Həm də 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan əsgəri təcrübədə Ermənistan qoşunları haqqında yaradılmış mifi dağıtmış, onları geri çəkilməyə, səngərini tərk etməyə məcbur etmişdi. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar ardıcıl və sürətli həyata keçirildiyindən, düşmənə öz fəaliyyətini planlaşdırmağa imkan vermirdi. Düşmənin silahlı qüvvələri birləşməyə macal tapmır, Azərbaycan Ordusunun hücumları nəticəsində döyüş meydanlarından qaçmağa, işğal olunmuş torpaqları tərk etməyə məcbur olurdu.
Müharibə günlərində baş verən hadisələr Azərbaycan əsgəri, zabiti və generalının bütün insani keyfiyyətlərinin, onların həyat təcrübələrinin, təşkilatçılıq və döyüş bacarığının, iradə və çoxtərəfli hərbi bilik və vərdişlərinin ən ciddi sınağı idi. Həqiqi vətənpərvərlərin ürəyi xalqın nailiyyətlərinin, qurub yaratdıqlarının dağıdılmasına, məhv edilməsinə laqeyd qala bilməzdi. Azərbaycan əsgəri xarabalığa dönmüş kənd və şəhərlərin simasını, düşmənin vəhşiliyini görüb, qanını, canını, həyatını əsirgəmədən vuruşaraq qalib gəldi. Xalq bu əsgər və zabitlərin qəhrəmanlığını əbədi yaşatmalı, onları daim yad etməli, bu cür övladlar yetişdirdiyinə görə fəxr etməlidir.
Böyük Vətən Müharibəsinin görkəmli sərkərdəsi G.K.Jukov yazırdı: “Tam məsuliyyətlə deyə bilərəm ki, İ.V.Stalin cəbhə əməliyyatlarının əsas təşkilati prinsiplərini yaxşı bilirdi və bu işə peşəkar sərkərdə kimi rəhbərlik edir, böyük miqyaslı strateji məsələləri ustalıqla tədqiq edirdi. İ.V.Stalinin Ali Baş Komandan kimi bu istedadı Stalinqrad döyüşündən sonra daha da qabarıq görünürdü”.
Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi, bir məqsədə – qələbəyə istiqamətlənmiş, onun rəhbərliyi altında qazanılmış qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaratmışdı.
2020-ci ilin 9 oktyabrında cənab Prezident xalqa müraciətində deyirdi: “Bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar”.
Ordunun, əsgərin Vətəndən kənarda hər hansı məqsədlə döyüşlərdə iştirak etməsi ilə, Vətən torpaqlarını azad etmək, onu qorumaq üçün döyüşlərdə iştirakı arasında mənəvi-psixoloji baxımdan böyük fərq vardır. Bir qayda olaraq, Vətənin müdafiəsi və azadlığı uğrunda aparılan mübarizədə əsgər daha qətiyyətlə çıxış edir, vuruşur, geri çəkilməni özü üçün yolverilməz hesab edir. Doğma torpaq əsgərə dayaq çıxmaqla ona mənəvi ruh verir, onun mübarizliyini artırır.
G.K.Jukov silahlı toqquşmalar zamanı komandanlığın məsuliyyətindən söhbət açaraq deyirdi: “Mən indi komandanlığın onun üzərinə qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün nəyə malik olmalı olduğunu daha yaxşı dərk edirəm. Dərindən ona inanıram ki, kim ona həvalə olunmuş qoşunları siyasi-mənəvi cəhətdən yaxşı hazırlayıbsa, kim qoşunun şüuruna müharibənin və qarşıda duran əməliyyatın məqsədini daha dəqiq çatdıra bilib və qoşunun döyüş ruhunu qaldırıbsa, kim əlverişsiz şəraitdə döyüşməkdən qorxmursa, kim öz tabeliyində olanlara inanırsa, o, mübarizədə qalib gəlir”. Prezident İlham Əliyev Azərbaycan əsgərini döyüşlərə hərtərəfli hazırlamış, ordunun döyüş ruhunu qaldırmış, tabeliyində olanlar ona inandığı kimi, o da tabeliyində olanlara inanırdı.
2020-ci il oktyabrın 4-də Prezidentin “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibəsi zamanı jurnalistin həqiqəti əks etdirməyən – “münaqişə zonasında vəziyyətin nəzarətdən çıxması” barədə fikirləri ilə razılaşmayaraq bildirirdi ki, Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, qarşısına qoyduğu məqsədi yerinə yetirərək torpaqları işğaldan azad edə-edə irəliləyir. İlham Əliyev baş verənlərlə əlaqədar uzun müddət idi ki, hadisələrin mərkəzində idi. Ona məsələnin bütün detalları aydın idi və o nəyi nə vaxt etmək lazım olduğunu bilirdi. O həm hadisələrin mərkəzində durur, həm də hər şeyi görür və baş verənlərin səbəblərini də bilirdi. Azərbaycan Ordusunun möhtəşəm əməliyyatları, əldə olunmuş uğurlar artıq Ali Baş Komandanı təşəbbüslərin, hakimiyyətin və məsuliyyətin ən etibarlı və güclü mənbəyinə çevirirdi.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında Prezident İlham Əliyev deyirdi: “Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha da tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi. Ancaq bu, müharibədir, onu planlaşdırmaq mümkün deyil. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc, həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular”.
Ali Baş Komandan mürəkkəb vəziyyətlərdə dərhal düzgün qərara gəlirdi. O özünü cari və operativ məsələlərin həllinə hazırlamışdı, fikri həmişə işdə idi, hər gün ağır zəhmətə qatlaşır, hərbi vəziyyəti nəzarətdə saxlayır, hərbçilərlə görüşür, müşavirələr keçirir, fikirlərini bölüşürdü. Birgə axtarışlar sayəsində məsələnin ən düzgün həllini tapmaq, qələbəyə aparan ən doğru yolu müəyyənləşdirmək yalnız zəhmət bahasına başa gəlirdi. Bu zəhmətin bir hissəsini müasir dövrün müharibələrinin tərkib hissəsi olan informasiya müharibəsi təşkil edirdi.
26 fevral 2021-ci il tarixində Prezident İlham Əliyev xarici ölkələrin media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında qeyd edib: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
Qədim Yunan tarixçisi Fukidid “Tarix” əsərində sərkərdənin əsgərləri döyüşə çağırışını təsvir edərkən yazırdı: “Döyüşdə qələbə üçün üç şərt zəruridir: qəti qərar, şərəf hissi və rəislərə tabeçilik. Bilin ki, bu gün sizin taleyiniz həll olunacaq: siz öz şərəfinizlə azadlığı və lakedemonyanların müttəfiqlərinin şərəf rütbəsini qoruyacaqsınız, ya da afinalıların quluna çevriləcəksiniz... Beləliklə, cəsarətlə döyüşə. Siz necə böyük rifah üçün mübarizə aparıldığını görürsünüz. Mən isə sübut edərəm ki, təkcə başqalarına mərdlik aşılamıram, həm də onu işdə nümayiş etdirə bilirəm”.
Müharibə günlərində hərbi əməliyyatlar Ali Baş Komandanın diqqət mərkəzində olsa da, onun fəaliyyəti çoxşaxəli olmaqla yalnız hərbi işlə məhdudlaşmırdı. Hərbi işlə yanaşı, informasiya müharibəsi, diplomatik danışıqlar, düşmən tərəfinin neytrallaşdırılması, arxa cəbhə, təchizat məsələləri, habelə müharibədə xəsarət almış yaralı və xəstələrin qayğısı kimi bir sıra vacib məsələlərin həll olunması zəruriliyi yaranırdı. Azərbaycan Ordusunun cəbhədə uğurlarına hər hansı vasitələrlə maneçilik törətmək istəyən dövlətlər də istisna deyildi.
Oktyabrın 10-da Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsi zamanı həqiqi sərkərdələrə xas olan bir xüsusiyyətini də açıqladı. Jurnalistin “müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul edildi?” sualına cavabında bildirdi: “Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi”.
Oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı müxbirin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sualına cavab verərkən Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, “İstiqamət hər tərəfədir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi”. Lakin müxbir unudurdu ki, müharibədə sərkərdələr tərəfindən bu cür suallar cavablandırılmır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ukraynanın “İnter” telekanalının müxbirinin verdiyi sual və dövlət başçısının həmin sualla bağlı cavabı dediklərimizin təsdiqi üçün əhəmiyyətlidir: “Ukraynanın “İnter” telekanalı: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat, mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək. Biz müasir təcrübəni tətbiq etmədən öz ərazimizi öz nəzarətimiz altına başqa yolla qaytara bilməyəcəyik. Xahiş edirəm, bu məsələni şərh edəsiniz”.
Prezident İlham Əliyev: “Mənim Ali Baş Komandan kimi verdiyim göstərişlərdən biri bu barədə olub. Statistikaya baxsanız, bizdə olan məlumata görə qarşı tərəfin dinc əhalisi arasında itki minimum olub…. ...müharibədə erməni dinc əhali zərər çəkməyib.
Azadlıq müharibəsi məsələsinə gəldikdə, əlbəttə, sizinlə razıyam və bilirəm ki, hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlərinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni bu əməliyyat barəsində hər şey məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. ...dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu və bizim həmlə dəstələrimiz düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdilər. ...elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, həm də sizin dediyiniz pilotsuz ucuz aparatları da, əlbəttə, itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb. ...bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı, bizim üçün çox çətin olardı.”
Prezident Azərbaycan Ordusunun qarşısında duran vəzifələrdən bəhs edərək deyirdi: “Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”.
Hərbi əməliyyatların keçirilməsi zamanı strateji baxımdan əlverişli mövqelərin əldə edilməsi böyük sərkərdələrin diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. Bu cür mövqelər ələ keçirildikdən sonra hərbi əməliyyatlar meydanını nəzarət altında saxlamaq, baş verən prosesləri izləmək asanlaşır, növbəti uğurlar üçün zəmin yaradılır.
İntibah dövründə yaşamış italyan tarixçisi N.Makiavelli döyüş əməliyyatlarının həyata keçirildiyi vaxt yüksəkliklərin əhəmiyyətinə münasibətdə deyirdi: “Yüksəkliklərdə yerləşmək yaxşıdır, oradan düşmənin üzərinə şığımaq asandır. Hər bir halda, əgər düşmənin həmin ərazilərə gəlişi gözlənilirsə, dağın döşündə və ya ətəyinə yaxın yerlərdə ordunu yerləşdirməkdən çəkinmək lazımdır. Mövqenin yüksəkliyi belə halda həmişə zərərlidir, ona görə ki, düşmən zirvəni tutub, orada toplar yerləşdirə, cavab verilməsindən qorxmadan fasiləsiz və sərbəst şəkildə səni atəşə tuta bilər; sən özün isə əsgərlərin tərəfindən sıxışdırılacaq və buna görə də onun atəşinə cavab verə bilməyəcəksən”.
Prezident İlham Əliyev qazanılmış qələbəni həmçinin bütün azərbaycanlıların, xalqın qələbəsi kimi qiymətləndirdi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”
Bəli, öz torpağında vuruşmaq əlavə güc mənbəyidir. Əvvəla, öz torpağında vuruşub, torpağı müdafiə etmək haqq işidir. Ədalət uğrunda mübarizə aparmaqdır. Niyyətin mənəvi təmizliyi və saflığıdır. Mənəvi saflıq, mənəvi üstünlük, ruh yüksəkliyi, niyyətin haqlılığı gücü bir neçə dəfə artırmaq iqtidarındadır.
İkincisi, torpağın azadlığı uğrunda vuruşmaq borcdur. Bu zaman bir tərəfdən qanuni borcunu yerinə yetirir, digər tərəfdən ruhi, dini borcunu, çünki din də “səni evindən çıxaranlara qarşı vuruşmağı, zalımı evindən qovmağı” tələb edir.
Üçüncüsü, öz torpağında vuruşmaq əcdadlar qarşısında bir borcdur. Heç kəsin əcdadlarının ona əmanət etdiyini düşmənə tərk etməyə haqqı yoxdur. Bunu əcdadların ruhu qəbul edə bilməz. Bizim borcumuz onların ruhunu şad etməkdir.
Dördüncüsü, torpaqların azad edilməsi gələcək nəsillər qarşısında vəzifəmizdir. Biz problemlərimizi onlara saxlamaqda haqlı deyilik. Bu, millətin, xalqın gələcəyini qaranlıqlara apara bilər. Gələcək nəsillər üçün problemlər deyil, inkişaf təməli yaratmaq lazımdır.
Beşincisi, Azərbaycan əsgərinin hər addımda erməni vəhşilikləri, dağıntılar, səfalətlə rastlaşması, düşmənə qarşı qəzəb, nifrət hissini artırır, Vətəni səfalətdən qurtarmaq yanğısı qəhrəmanlıq, igidlik, cəsarət tələb edirdi. Vətən övladları gəlib öz torpaqlarına sahib çıxmalı, əsgər onu azad etməli idi. Analar əsgəri elə buna görə böyütmüş, Vətənin müdafiəsi üçün cəbhəyə yollamışdı. “Gecələr yatmayıb ulduzları sayan analar” övladlarından torpaqların azad olunması xəbərini gözləyir, “ləpirlərinin göyərməsi üçün gedən yollarına su səpirdilər” (Nüsrət Kəsəmənli).
Ali Baş Komandan Azərbaycan xalqının nümayiş etdirdiyi dözümlülük, mətinlik və digər mənəvi üstünlüklərinə diqqəti cəlb edərək bildirdi ki, “Mən demişəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, – özü də böyük şəhər deyil, – yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun”. Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”.
Ali Baş Komandan İlham Əliyev deyirdi: “Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.
Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu”.
Bu qələbənin də mənbəyi Azərbaycanın dövlət quruluşunda, müdrik rəhbərlikdə, düzgün siyasətdə, ölkəmizin xalqlarının mənəvi-siyasi vahidliyində, ordunun çox böyük qüvvəsi və xalqın birliyi, şərəfli əməyində, Azərbaycanın əsgər, zabit və generalının vətənpərvərliyində, İlham Əliyevin Ali Baş Komandanlığında idi.
Vəfaddin İBAYEV,
Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini,
hüquq üzrə fəlsəfə doktoru