AZ

Günahkar axtarmayın, öhdəliyinizi sorğulayın, cənablar! TÜRKİYƏYƏ MESAJ

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə mediasında Azərbaycana qarşı yeni dalğa...

Zaman-zaman Azərbaycan-Türkiyə münasibətləri pozmağa cəhd göstərən qüvvələr peyda olur.

Müşahidələrimiz göstərir ki, Türkiyədə Azərbaycana qarşı yeni dalğa başlayıb və həmin qüvvələr yenidən aktivləşib. Onlar elə yanaşma sərgiləyirlər ki, sanki İsrail-Fələstin münaqişəsini, Qəzza problemini Azərbaycan yaradıb.

Bir neçə ay əvvəl də İsrail-İran qarşıdurması zamanı Türkiyənin bəzi media resursları Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirirdi və yalan məlumatlar yayırdılar.

Proses bu gün də davam edir...

Xəbər verildiyi kimi, oktyabrın 13-də ABŞ, Misir, Qətər və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən sammitdə "Qəzza zolağında atəşkəs haqqında" saziş imzaladılar.

Həmin gün bütün dünyanın gözü, Şarm əl-Şeyxə dikilmişdi. Hər kəs yaxın şərqdə sülhün bərqərar olmasına sevinirdi. Həmçinin də Azərbaycan...

Biz həm də ona görə sevinirdik ki, sülhün təminatçısı olan dövlətlərdən biri də qardaş Türkiyə idi. Türkiyə rəsmi olaraq Qəzzadakı sülhə qarant duran 4 ölkədən biri oldu.

Lakin yaxın şərqdə atəşkəs uzun sürmədi və saziş imzalanandan qısa müddət sonra Qəzza zolağı yenidən alovlandı.

İndi bəzi qüvvələr buna görə yenidən Azərbaycanı günahlandırmağa çalışırlar. Sanki Qəzza problemini Azərbaycan alovlandırır.  Onlar bu kimi yalanlarla ölkəmizin imicini ləkələməyə çalışırlar.  

Azərbaycana qarşı kampaniyanı aparanlar unudurlar ki, Türkiyə Qəzzadakı sülhə qarant duran 4 ölkədən biridir və onun özünün də bu prosesdə öhdəlikləri var. Onlar həmin öhdəliklərin yerinə yetirilib-yetirilmədiyini sorğulamaq əvəzinə günahı üçüncü tərəfə yükləməyə cəhd edirlər.

Fələstin xalqının yanında olmuşuq, amma tərəf olmamışıq...

Azərbaycan bu prosesdə hər zaman neytral və konstruktiv mövqe ortaya qoyub. Düzdür, biz həmişə Fələstin xalqının humanitar vəziyyətinə dəstək vermişik, amma tərəf olmamışıq.

Azərbaycanın Fələstin məsələsində mövqeyi hər kəsə aydındır və dəyişməzdir. Azərbaycan əvvəldən bəri həm İslam həmrəyliyi prinsiplərinə sadiq qalıb, həm də beynəlxalq hüququn əsas normalarına istinad edərək Fələstin məsələsinə münasibətini açıq şəkildə ifadə edib. Ölkəmizin mövqeyi budur ki, Fələstin məsələsi yalnız və yalnız iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Başqa sözlə, Fələstin dövlətinin yaradılması bu münaqişənin ədalətli və davamlı həlli üçün mütləqdir.

Həm Fələstin muxtariyyətinin rəhbərliyi, həm də Azərbaycandakı Fələstin səfirliyi bununla bağlı dəfələrlə Azərbaycana minnətdarlığını ifadə ediblər.

Bununla yanaşı, Azərbaycanın İsraillə də yaxın münasibətləri mövcuddur. İslam dünyasında İsraillə ən sıx əməkdaşlıq edən ölkələrdən biri məhz Azərbaycandır. Lakin bu münasibətlər Azərbaycanın Fələstin məsələsi ilə bağlı mövqeyinə təsir göstərmir. Fələstin məsələsi prinsipial bir mövqedir və Azərbaycan bu məsələdə qətiyyən geri addım atmır.

Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, İslam həmrəyliyinə sadiqdir və münaqişələrin ədalətli həllinin tərəfdarıdır. BMT-də aparılan müzakirələr zamanı da ölkəmiz Fələstin məsələsində mövqeyini açıq şəkildə ifadə edib. Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində gizli və qeyri-müəyyən yanaşma yoxdur, əksinə, bütün məsələlərdə açıq və prinsipial mövqe nümayiş etdirilir. 

Bir daha qeyd edirik ki, Türkiyə bizə dost, qardaş ölkədir. Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pillədə qərarlaşıb. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimiz gündən-günə daha da dərinləşir.

Türkiyədəki müəyyən qrupların Qəzzada baş verənlərin günahını üçüncü tərəflərdə axtarmaq istəyi isə etik deyil və əsassızdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr