Mərkəzi Avropa dövlətlərindən birində əhali ilə bağlı qeyri-adi qadağa qəbul edilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Slovakiyadan gedir.
Slovakiya səkilərdə piyada sürətinə məhdudiyyət qoymaqla dünyada bir ilki gerçəkləşdirib.
"Politico"nun məlumatına görə, Slovakiya Parlamenti tərəfindən qəbul edilən qanuna əsasən, şəhər daxili səkilərdə saatda 6 km/saat sürətlə yerimək, sürüşmək və ya sürmək (velosiped/konki) qadağan ediləcək. Piyadaların, velosipedçilərin, konki sürənlərin və elektrikli skuter istifadəçilərinin 6 km/saat sürətdən artıq hərəkət etməsini qadağan edən qanun 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcək.
Hökumət hələlik qanunun necə tətbiq olunacağı və vətəndaşların necə cəzalandırılacağı barədə dəqiq bir açıqlama verməyib. Qeyd edilir ki, qərarın məqsədi son zamanlar artan skuter qəzalarını azaltmaqdır.
Mütəxəssislərin fikrincə, orta gəzinti sürəti saatda 4-5 km civarındadır. Lakin Britaniya Ürək Fondu bildirir ki, saatda 6,4 km sürət "sağlam insan üçün orta sürət"dir. Bu o deməkdir ki, yeni qanun bir çox sürətli yeriyənləri potensial "qayda pozucularına" çevirə bilər.
Yeni qanun Slovakiyada əhali arasında zarafat mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri qanunla bağlı “avtobusa çatmaq üçün qaçsaq, necə olacaq?”, “polis radar quraşdıracaq?” kimi şərhlər yazıblar.
Bəziləri isə bu qaydanı “Avropanın ən absurd qanunu” kimi təsvir edib.
Müxalifət və bəzi dövlət qurumları da qərarı sərt tənqid ediblər. Slovakiya Daxili İşlər Nazirliyi ümumi sürət həddi qoymaqdansa, elektrikli skuterlərin səkilərdə tamamilə qadağan edilməsinin daha məntiqli olacağını bildirib.
Mütərəqqi Slovakiya Partiyasının parlament üzvü Martin Pekar qanunu tənqid edərək deyib:
“Piyadalar skuterlər və ya velosipedçilərə görə deyil, avtomobillər ucbatından təhlükə altındadırlar. Bu qanun davamlı nəqliyyatı cəzalandırır. Velosipedçinin tarazlığını saatda 6 km sürətlə saxlaması demək olar ki, mümkün deyil”.
Billurə Yunus