BAKI, 30 oktyabr. TELEQRAF
Bakı–Sumqayıt ekspress marşrut xətləri üzrə avtobusların hərəkətində gecikmələr və böyük sərnişin sıxlığı müşahidə olunur. Xüsusilə səhər və axşam pik saatlarda 594 və 595 nömrəli avtobusların dayanacaqlara dolu vəziyyətdə gəlməsi nəticəsində sərnişinlər nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər.
Sərnişinlər Teleqraf-a şikayət edərək bildiriblər ki, avtobuslar arasında intervalın uzanması həm işə gedənlərin, həm də tələbələrin gündəlik fəaliyyətinə təsir göstərir, işə və dərsə gecikmə halları yaranır.
Bundan əlavə, Ceyranbatan və Bağça ərazilərində yaşayan sərnişinlər də avtobusların sayının mövcud tələbatı qarşılamaq üçün kifayət etmədiyini qeyd edirlər.
Məsələ ilə bağlı mövcud vəziyyətin yaxşılaşdırılması üçün hansı addımların atıldığı və ya planlaşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
“Baku Bus” ın mətbuat katibi Əsmər Əliyeva Teleqraf-a bildirdi ki, Bakı-Sumqayıt istiqamətində artan sərnişin tələbatı nəzərə alınaraq, “BakuBus” MMC tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər Avtovağzalını metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilir.
Onun sözlərinə görə, hazırda 594 nömrəli xətt üzrə 28, 595 nömrəli xətt üzrə isə 11 avtobus istismara cəlb olunub:
“Ümumilikdə 40-a yaxın avtobus qeyd olunan xətlərdə 7-10 dəqiqə, pik saatlarda isə 5-8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Həmin ekspress avtobuslarda ayaqüstə sərnişin daşınması üçün konstruktiv şərait nəzərdə tutulmayıb. Buna görə də, salonda boş oturacaq olmadığı halda avtobus aralıq dayanacaqlarda dayanmır.
Ayaqüstə sərnişin daşınması təhlükəsizlik qaydalarının pozulması hesab olunur. Sərnişin tələbatının artması nəzərə alınaraq, “BakuBus” MMC tərəfindən əlavə olaraq 3 avtobus Ceyranbatan qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına daşınmasını təmin etmək məqsədilə xəttə cəlb edilib”.