BAKI,TurkicWorld, Nailə Babazadə
Qəzzada dağıntılar altında qalan israillilərin və fələstinlilərin cəsədlərinin axtarışı üçün bölgəyə göndərilən AFAD qrupuna İsrail tərəfindən hələ də giriş icazəsi verilməyib.
TurkicWorld xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, AFAD heyəti Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir.
“AFAD missiyası sərhəddə gözləyir. İsrail hələ də daxil olmağa icazə verməyib. Bu isə İsrailin atəşkəsin bütün maddələrinə əməl etmədiyini göstərir”, – məlumatda deyilir.
Nazirlikdən əlavə edilib ki, İsrail humanitar yardımların Qəzzaya yalnız qismən buraxılmasına şərait yaradır.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri də Qəzzada beynəlxalq qüvvənin tərkibində iştirak etməyə hazırdır. Lakin bu proses də İsrail tərəfinin rəsmi razılığını gözləyir.
“Biz həmkarlarımızla daimi təmasdayıq. Türkiyə atəşkəs razılaşmasının əldə olunmasına töhfə verən ölkələrdən biridir və sənədi imzalayıb. Bütün hazırlıqları tamamlamışıq, hazırda gözləmə mərhələsindəyik”, – nazirlik bildirib.
 
                        