Mövzu ilə bağlı politoloq Elmir Səftərov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Azərbaycan əmin olmalıdır ki, ona qarşı tətbiq edilən ədalətsiz yanaşma bir daha təkrarlanmayacaq və yalnız bu halda AŞPA-ya qayıdış mümkündür:
"Ötən il Azərbaycan nümayəndə heyəti AŞPA-da ölkəmizə qarşı yaranmış dözülməz münasibət fonunda qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb. Bunun əsas səbəbi Assambleyanın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini və səsvermə hüququnu məhdudlaşdıran qərar qəbul etməsi idi. AŞPA bu addımın motivlərini müxtəlif bəhanələrlə pərdələməyə çalışsa da, əsas səbəb isə Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi, separatizmin kökünü kəsməsi və suverenliyini təmin etməsidir.
Bu, uzun illər bölgədə həyata keçirilməsi nəzərdə tutulan geosiyasi planların iflasa uğraması anlamına gəlirdi və məhz buna görə AŞPA bunu qəbul edə bilmirdi. Həmin dövrdə ölkəmizə qarşı təzyiqlər təkcə AŞPA-dan deyil, müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan da edilirdi. Lakin heç bir təzyiq və ya təhdid Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə həyata keçirilən xarici siyasət strategiyası bir daha göstərdi ki, Azərbaycanla təhdid dilində danışmağın heç bir nəticəsi olmayacaq.
Münasibətlərin gərginləşməsinin başlıca səbəbi erməniyönlü və xristian təmayüllü yanaşma idi. Lakin hazırda AŞPA-da bu cür mövqeni davam etdirmək üçün ciddi əsas qalmayıb. Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və regionda normallaşma proseslərinin başlanması anti-Azərbaycan dairələrini bu istiqamətdə fəaliyyətsiz vəziyyətə salıb. Çünki onlar artıq bu yanaşmanın məntiqsizliyini anlayırlar.
Bütün deyilənlərə əsasən demək olar ki, dünyada yeni siyasi konfiqurasiya formalaşır və Azərbaycanın həyata keçirdiyi proseslər beynəlxalq səviyyədə də qəbul edilir. Buna görə də Azərbaycanın AŞPA-ya qayıdışı mümkünsüz deyil. Lakin bunun reallaşması üçün dialoqun başlaması vacibdir.
Ən önəmlisi isə odur ki, Azərbaycan əmin olmalıdır ki, ötən il ona qarşı tətbiq edilən ədalətsiz yanaşma bir daha təkrarlanmayacaq və AŞPA doğrudan da öz siyasi səhvini anlayıb. Bu halda Azərbaycan tərəfi Assambleyaya qayıdış niyyəti ilə müraciət edə və müzakirələr başlaya bilər. Bu müzakirələrin əsas məqsədi isə ölkəmizə qarşı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması olacaq. Təbii ki, həm Azərbaycan, həm də Avropa institutları qarşılıqlı əməkdaşlıqdan yalnız qazana bilərlər".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31