Sanksiyaya məruz qalan Rusiya neft istehsalçısı “Lukoil” beynəlxalq aktivlərini enerji ticarəti ilə məşğul olan “Gunvor Group” şirkətinə satmağa razılaşıb.
NOCOMMENT.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Şirkətin saytında yer alan açıqlamaya görə, “Lukoil” alıcının “Lukoil International GmbH”ni almaq təklifini qəbul edib və digər potensial alıcılarla danışıqlar aparmamağa razılaşıb.
Rusiyada uzun müddət fəaliyyət göstərmiş “Gunvor” şirkəti şərh verməkdən imtina edib.
Onun həmtəsisçisi Gennadi Timçenko Rusiya prezidenti Putinin yaxın ətrafından olan rusiyalı oliqarxdır. Timçenko 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ tərəfindən sanksiyaya məruz qalıb. ABŞ hökuməti o zaman Vladimir Putinin “Gunvor”da sərmayələri olduğunu iddia edirdi, amma şirkət bu iddianı davamlı olaraq inkar edir.
“Gunvor”un həmtəsisçisi və baş direktoru Torbjörn Törnqvist hazırda əksər səhmlərə sahibdir.
Əməliyyat üçün ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət ofisinin (OFAC) təsdiqi və digər zəruri icazələr tələb olunur.
“Lukoil” şirkəti ABŞ-nin keçən həftə tətbiq etdiyi sanksiyalardan sonra beynəlxalq əməliyyatlarından imtina etməyi planlaşdırdığını açıqlamışdı.
Xatirə SADİQ
 
                        