BAEA və İsrailin xəbərdarlığı haqlıdır
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafel Qrossi İranın nüvə proqramının sülhməramlı mahiyyətdə olduğunu yaxşı bilir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi AEBA rəhbərinin Tehranın nüvə obyektləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Qrossinin fəlakətli açıqlamaları İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumuna yol açdı”, - diplomat əlavə edib.
Qeyd edək ki, (BAEA) direktoru Rafael Qrossi "Associated Press" agentliyinə bildirib ki, İran uranı aktiv şəkildə zənginləşdirmir, lakin onun nüvə obyektlərində aktivlik müşahidə edilib.
O deyib ki, müfəttişlərin obyektlərə çıxışı olmamasına baxmayaraq, peyk müşahidələri iyunda İsraillə 12 günlük müharibədən əvvəl olduğu kimi, normadan artıq sürətlənmiş uran hasilatının olmadığını göstərir:
"Zənginləşdirilmiş uranın 60%-ə qədəri İranda qalır. Ona görə də biz ora qayıtmalı və materialın yerində olduğunu və başqa məqsədlər üçün istifadə edilmədiyini təsdiq etməliyik. Bu, çox vacibdir", - Qrossi qeyd edib.
Qrossi əlavə edib ki, müfəttişlər materialın saxlandığı obyektlərin ətrafında aktivliyi müşahidə ediblər. Əlavə giriş olmadan BAEA məhdud məlumat verən peyk görüntülərinə etibar etməlidir.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, İsmayıl Bəqayinin əlavə açıqlama verməsini gözləmək sadəlövhlük olardı:
"Heç kim açıq şəkildə etiraf etməyəcək ki, Tehran nüvə obyektləri ilə bağlı aparılan tədqiqatlar kütləvi qırğın silahı əldə etmək məqsədi daşıyır. Bəziləri bu fəaliyyəti dini məqsədlərə bağlayacaq və açıqlamaları elə bu çərçivədə qiymətləndirəcəklər. Bununla belə, reallıq başqa cürdür.
İranın niyyəti başlanğıcdan nüvə silahı, yəni kütləvi qırğın silahı əldə etmək olub. Bəs, İran bu silahı hansı ölkəyə qarşı istifadə edəcək Prinsipcə, belə silahlar Pakistan və digər ölkələrdə də mövcuddur və bu ölkələr indiyə qədər həmin silahlardan istifadə etməyiblər. Məsələn, Hindistan-Pakistan gərginliyində və ya Rusiya-Koreya münaqişəsi kimi səhnələrdə istifadə ehtimalı müzakirə oluna bilərdi, amma reallıqda istifadə edilməyib. Bu silahlar həm qorxu yaratmaq, həm təsir göstərmək, həm də müdafiə məqsədilə saxlanılır. Onların saxlanması, texniki baxımı və istifadə etməyə hazırlıq xərcləri çox yüksəkdir. İranın mövqeyini başa düşmək də olar, başa düşməmək də. İranın bu tədqiqatları silah üçün apardığına dair şübhələr doğrudur. Lakin onun bu silahı hansı ölkələrə qarşı istifadə edəcəyinə inanmıram. İran belə radikal addım atmaz. BAEA direktoru Rafael Grossinin açıqlamaları faktiki olaraq İsrailin iddiaları ilə üst-üstə düşdü. İsrail də İrana qarşı hər zaman təzyiq göstərmək, müdaxilə etmək və nüvə məsələsini arqument kimi istifadə etmək istəyir. İran başa düşür ki, İsrail ölkədə hakimiyyəti dəyişdirmək və parçalanma ssenarilərini reallaşdırmaq üçün əlindən gələni edir. Buna görə İran özünü müdafiə etmək məqsədilə nüvə potensialı əldə etməyə çalışır".
Analitikin fikrincə, qeyri-stabil bir ölkənin nüvə silahına sahib olması ciddi təhlükədir:
"Çünki bu silahların radikal qruplaşmaların əlinə keçmə riski mövcuddur. Həmçinin, İran artıq Hizbullahı, HƏMAS-ı və Yəməndəki husi qrupları silahlandırır və maliyyə dəstəyi göstərir. Sabah belə bir hal baş verə bilər ki, İran nüvə silahını hansısa proksi qüvvəyə ötürsün. Bu da həmin silahın istifadə olunması riskini artırar. Kütləvi qırğın silahlarının istifadəsinin məsuliyyətini dövlətlər daşıyır. Proksi təşkilatlar isə bu məsuliyyəti daşımırlar. Bu da əlavə risk yaradır. İranın mövqeyi şəxsi və geosiyasi maraqlar kontekstində qiymətləndirilməlidir. Empatiya ilə yanaşsaq, İran Atom Enerji üzrə Beynəlxalq Agentliyin yanaşmasını qərəzli hesab edə bilər. Amma İranın öz hərəkətləri də tam təmiz deyil. O, bu tədqiqatları yalnız dinc məqsədlər üçün aparmır - əsas məqsəd silah əldə etməkdir".