Bu payız “Şəms” uşaq bağçasında həm ənənə, həm də qürur dolu bir tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, hər il böyük sevinclə təşkil olunan Payız Bayramı, bu il Zəfər Günümüzün 5 illiyi münasibətilə daha dərin mənəvi məzmun qazanıb.
Bağçanın kollektivinin təşəbbüsü ilə hazırlanan tədbir “5 Ulduzlu Zəfər Bayramı” adlanır. Məqsəd uşaqlarda vətən sevgisini, qələbə ruhunu və milli qürur hissini körpə yaşlardan formalaşdırmaq olub. Bayram çərçivəsində balaca fidanlar mahnılar, şeirlər və rəqslərlə həm payızın gözəlliklərini, həm də xalqımızın qəhrəmanlıq salnaməsini öz səmimi çıxışları ilə ifadə ediblər.
Tədbirdə Vətən Müharibəsi şəhidi Cabbarov Orxanın oğlu - Ayxan Cabbarov da iştirak edib. Ayxan “Şəms” bağçasının fidanlarından biridir və onun iştirakı tədbirə xüsusi duyğusal məna qatıb.
“Şəms” uşaq bağçasının rəhbərliyi bildirib ki, belə tədbirlər təkcə uşaqların yaradıcılıq bacarıqlarını deyil, həm də vətənə sevgi, qəhrəmanlarımıza hörmət və minnətdarlıq hissini gücləndirməyə xidmət edir.
Sonda bağça kollektivi vurğulayıb ki, bu bayram vasitəsilə həm payızın rəngləri, həm də Zəfərin işığı bir araya gəlib - balaca ürəklərin böyük sevgisinə çevrilib.
