
Kiyev və Brüssel ukraynalı qaçqınlara dəstək proqramının yekunlaşdırılması planını müzakirə edir.
AFN.az xəbər verir ki, bunu Ukraynanın ədliyyə nazirinin müavini İlona Qavronskaya bildirib. “Ukrayna Avropa tərəfdaşları ilə birlikdə növbəti addımları koordinasiya edir ki, direktiv (AB-nin ukraynalı qaçqınlara dəstək direktivi) ədalətli, proqnozlaşdırıla bilən və insanların seçimlərinə hörmət əsasında başa çatsın”, – deyə o, özünün feyzbuk hesabında yazıb.
Qavronskaya bildirib ki, ukraynalılar üçün gələcək dəyişikliklər AB ilə birlikdə üç əsas prinsipə əsaslanmalıdır: birlik, ləyaqət və tərəfdaşlıq.
Ukraynalı qaçqınlara müvəqqəti qoruma tədbirləri AB-də 2022-ci ilin martında tətbiq olunub və onlara əlavə sənəd tələb olunmadan milli pasport əsasında geniş hüquqlar verilib. Bu tədbirlər Avropa İttifaqı ərazisində qanuni qalma, təhsil, iş, tibbi xidmət və sosial təminat imkanlarını əhatə edir. 2025-ci ilin iyununda AB Şurası bu tədbirlərin qüvvədə olma müddətini 4 mart 2027-ci ilə qədər uzadıb. Ukrayna Ali Radasının deputatı Viktoriya Qrib bildirib ki, Avropa Komissarı artıq Kiyevi xəbərdar edib ki, Brüssel 2027-ci martdan sonra ukraynalı qaçqınlara dəstək proqramını dayandıracaq.
2025-ci ilin əvvəlinə olan məlumatlara görə, AB-də ukraynalı qaçqınların sayı 4,3 milyon nəfər təşkil edir.