Qahirə, 30 oktyabr, AZƏRTAC
Bu gün ikinci beynəlxalq “Dubay Kitabxanalar və Nəşriyyat Sammiti” işinə başlayıb.
Tədbirin təşkilat komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Nəşriyyat sənayesinin gələcəyi” şüarı altında keçirilən və noyabrın 1-dək davam edəcək tədbirdə 20 ölkədən 80-dən çox spiker, o cümlədən 5 əsas məruzəçi iştirak edəcək, 48 panel və müzakirə sessiyası, həmçinin 20-dən artıq ixtisaslaşdırılmış seminar təşkil olunacaq.
Məhəmməd bin Raşid Al Maktum Kitabxanası Fondunun İdarə Heyətinin üzvü Məhəmməd Salim əl-Məzrui bildirib ki, builki sammit qlobal səviyyədə nəşriyyat sektorunda baş verən sürətli dəyişiklikləri müzakirə edəcək və bilik sənayesinin daha innovativ və dayanıqlı gələcəyini formalaşdırmağa töhfə verəcək.
Tədbir çərçivəsində süni intellektin yaradıcılıq və nəşriyyata təsiri, nəşriyyatın gələcəyi ilə bağlı qlobal baxışlar və reallıqlar, dayanıqlı nəşriyyat, süni intellekt dövründə müəllif hüquqları və s. mövzular müzakirə ediləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
 
                        