Tələbələrin sosial rifahını dəstəkləmək məqsədilə Tələbənin İnkişaf Fondu tərəfindən verilən kartlar vasitəsilə onlar muzeylər, alış-veriş mərkəzləri və iaşə obyektlərində müəyyən güzəştlərdən faydalana bilirlər. İndi isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri pilot layihə çərçivəsində metrodan istifadə zamanı kartlardan yararlana bilirlər.
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən nəqliyyat eksperti Rauf Ağamirzəyev vurğuladı ki, tələbə kartı üzərindən, həmçinin bank kartlarının test olunması kimi qiymətləndirmə aparmaq mümkündür:

"Amma ümumilikdə tələbələrə güzəşt olunmalıdır, əlbəttə, birmənalı şəkildə. Əgər biz brutto müqaviləyə keçiriksə, yanvarın 1-dən günlük, aylıq və illik bilet paketləri təklif edilməlidir. Pulsuz keçidlər, yəni uzaq məntəqədən bir nəqliyyat növündən digərinə müəyyən vaxt ərzində (məsələn, 90 dəqiqə) keçidlər təmin edilməlidir. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də iqtisadi baxımdan sərfəli olacaq. Tələbələr, təqaüdçülər və müharibə veteranları həssas qruplardır. Onlara ayrı, güzəştli bilet təklif olunmalıdır ki, yükü azalsın. Çünki tələbənin qazancı az, xərcləri isə daha çoxdur. Bundan əlavə, tələbələrin nəqliyyat xərclərinin optimallaşdırılması ilə yanaşı, universitet yaxınlığında yataqxanaların təmin edilməsi də vacibdir. Bu, onların yaşam xərclərinin də optimallaşdırılmasına kömək edəcək".
Nuriyyə NATİQQIZI