AZ

Əliməmməd Nuriyev: “Tarixi yaddaşın qorunması gələcəyimizin təminatıdır”

Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev çıxış edərək layihə çərçivəsində hazırlanan filmin və digər məhsulların tarixi yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Qərbi Azərbaycan irsinin qorunması istiqamətində görülən işlər təkcə mədəni deyil, həm də milli kimliyin yaşadılması baxımından dəyərli təşəbbüsdür:

“Bu film bizim mədəniyyətimizə, eyni zamanda Qərbi Azərbaycan irsinin qorunması istiqamətində görülən işlərə mühüm töhfədir. Burada həm yeni texnologiyalardan istifadə olunur, həm də təqdimat forması baxımından müasir yanaşma nümayiş etdirilir. Filmin ingilis dilində subtitrlərlə təqdim edilməsi də çox vacibdir, çünki bu, məlumatların yalnız ölkə daxilində deyil, beynəlxalq auditoriyaya da çatdırılmasına imkan verir.”

Əliməmməd Nuriyev qeyd edib ki, tarixi yaddaşın qorunması dövlətçilik və milli kimliyin əsas sütunlarından biridir:

“Əgər yaddaş qorunmursa, tarix təhrif olunur. Bu film həm məlumatlandırıcı, həm də maarifləndirici xarakter daşıyır. Burada çoxlu yeni faktlar təqdim olunur, abidələrin taleyi, onların dağıdılması prosesi vizual formada göstərilir. Filmdə işıq və kölgə kimi vizual detallar tamaşaçının emosiyasına təsir göstərir, onu düşündürür və tarixlə bağ qurmağa sövq edir. Həmçinin filmin qısa, lakin dolğun məzmunlu olmasını yüksək qiymətləndirərək bildirib ki, 15 dəqiqəlik ekran əsəri ərzində həm tarixi məlumat, həm də emosional təsir ustalıqla təqdim olunub. Bu film təkcə məlumat vermir, həm də tamaşaçıda duyğu yaradır, tarixə hörmət hissini gücləndirir. Bu yanaşma çox önəmlidir, çünki yaddaş ötürülməzsə, gələcək nəsillər öz köklərini itirə bilər.”

Əliməmməd Nuriyev əlavə edib ki, gələcəkdə tarixi mövzuların yalnız filmlərlə deyil, oyunlar və interaktiv layihələr vasitəsilə də təqdim olunması mümkündür:

“Yeni texnologiyalar imkan verir ki, tariximizi daha cəlbedici formada çatdıraq. Məsələn, oyun formatında layihələr hazırlamaqla gənc nəsil – xüsusilə ‘Z nəsli’ – tarixə maraq göstərə bilər. Qərbi Azərbaycanda məscidlərin kilsələrə çevrilməsi kimi faktlar əsasında interaktiv oyunlar və vizual layihələr qurmaq mümkündür. Bu, həm maarifləndirici, həm də təsirli bir üsuldur.”

Sonda Əliməmməd Nuriyev layihənin təşkilatçılarına, alimlərə və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Seçilən
29
qht.az

1Mənbələr