AZ

"DTX-nin bu addımları digər icra başçıları üçün də bir xəbərdarlıqdır" - Fazil Mustafa

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində korrupsiya və vəzifə cinayətləri ilə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı icra başçısı İslam Rzayev saxlanılıb. Prezident İlham Əliyev isə onun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.

Qeyd edək ki, bu cür hallar daha əvvəllər də baş verib. Sonuncu dəfə Qax rayonunun icra başçısı da DTX tərəfindən həbs edilmişdi.

Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə çox ciddi işlər aparır:

"Hər hansı bir korrupsiya faktı ilə qarşılaşan kimi dərhal buna reaksiya verilir. Ona görə də bu məsələdə icra hakimiyyəti başçıları, digər vəzifəli şəxslər artıq bilməlidirlər ki, burada hər hansı bir güzəşt yoxdur. Bu həm də ölkə prezidentinin iradəsidir. Çünki korrupsiyaya qarşı mübarizəni bilavasitə ölkə prezidenti stimullaşdırır ki, bu cinayətlərin sayı azalsın. Hər halda bu məsələdə kifayət qədər ciddi siqnallar olub ki, yəqin DTX bu məsələdə konkret addımlar atıb və bu addımların da nəticəsi, həm də digərləri üçün də bir xəbərdarlıqdır ki, daha doğru-dürüst və vətəndaşa xidmət edən anlayışla öz peşə, öz vəzifə borclarına yanaşmalıdırlar".

Aytəkin TOFİQQIZI

Seçilən
27
4
redaktor.az

5Mənbələr