AZ

Zəngəzur dəhlizində dəmiryolunun kimə tabe olacağı ciddi problemə çevrilir...


Bəhruz Quliyev: “Ermənistan bu marşrutu Qərbin, xüsusilə ABŞ-ın təsir dairəsində saxlamaq niyyətindədir”

Ermənistan Rusiya ilə "Tramp Marşrutu" layihəsi (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) çərçivəsində mümkün əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində büdcə müzakirələri zamanı bildirib.

"Tramp Marşrutu" çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlığın müzakirə edilib-edilmədiyi barədə suala Mirzoyan cavab verib ki, rusiyalı tərəfdaşlarla mövcud və potensial qarşılıqlı təsir mexanizmləri, eləcə də yeni maraqlı əməkdaşlıq sahələri müzakirə edilib. O qeyd edib ki, Ermənistanın mövcud dəmir yolu infrastrukturu Cənubi Qafqaz Dəmir Yollarının (Rusiya Dəmir Yollarının törəmə şirkətinə) konsessiya idarəçiliyinə verilib, lakin müzakirə olunan TRIPP hissəsi (Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələri) hələ tikilməyib, ona görə də onun idarəçiliyə verilməsi barədə danışmaq hələ tezdir.

Burada diqqəti çəkən məqam odur ki, Mirzoyan Zəngəzurdan keçəcək dəmir yolunun Rusiya Dəmir Yollarının törəmə şirkətinə dəxli olmadığına və bundan sonra da olmayacağına eyham vurur. Yeri gəlmişkən, SSRİ dönəmində bu dəmir yolu Azərbaycan dəmir yollarına bağlı idi.

“İrəvanın Rusiyanı kənarda saxlamaq cəhdi əslində bölgədə dəyişən geosiyasi reallıqların bariz göstəricisidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Mirzoyan bununla diplomatik dildə Rusiyaya mesaj verir: “Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsi ətrafında Rusiyanı kənarda saxlamaq cəhdi əslində bölgədə dəyişən geosiyasi reallıqların bariz göstəricisidir. Son illər ABŞ və Qərbin Ermənistanda artan siyasi, iqtisadi və təhlükəsizlik təsiri fonunda İrəvan artıq Moskvanı strateji tərəfdaşdan çox, keçmiş asılılıq simvolu kimi görür. Mirzoyanın “Rusiya Dəmir Yollarının törəmə şirkətinə bu layihənin dəxli yoxdur və olmayacaq” deməsi diplomatik dildə, amma aydın mesajdır. Yəni Ermənistan bu marşrutu Qərbin, xüsusilə ABŞ-ın təsir dairəsində saxlamaq niyyətindədir. Başqa sözlə, “Tramp Marşrutu” təkcə iqtisadi layihə deyil. Bu, Qərbin Cənubi Qafqazda nüfuzunu dərinləşdirmə və Rusiyanın bölgədən sıxışdırılması prosesinin bir hissəsidir. Bununla yanaşı, Ermənistan anlayır ki, Rusiyanın təsirini tamamilə sıfırlamaq nə iqtisadi, nə təhlükəsizlik, nə də enerji baxımından mümkündür. Buna görə də İrəvan paralel olaraq “balans siyasəti” yürütməyə çalışır. Yəni “Tramp Marşrutu” kimi Qərbə açıq layihələrdə Moskvanı uzaq saxlasa da, digər infrastruktur və enerji əməkdaşlığı sahələrində Rusiya ilə minimal, amma sabit əlaqəni qorumağa çalışır. Hesab edirəm ki, bu, bir növ “ikili oyun”dur.Ermənistan Qərbin dəstəyini itirməmək, eyni zamanda Rusiyanın açıq təzyiqlərindən yayınmaq üçün çevik taktika tətbiq edir. Ancaq belə balans uzunmüddətli deyil. Çünki bölgədə geosiyasi xətt kəskin şəkildə Qərb-Rusiya rəqabətinə çevrilib və İrəvanın bu iki qüvvə arasında “sərhəddə rəqs etməsi” daha çox risqlər yaradır. SSRİ dönəmindən bəri Azərbaycan dəmir yollarına bağlı olmuş Zəngəzur xəttini bu gün Qərb platformasına çevirmək cəhdi isə nə tarixi, nə də regional məntiqə uyğundur. Azərbaycanın və Türkiyənin iştirakı olmadan “Tramp Marşrutu” kimi bir layihə kağız üzərində qalmaqdan o tərəfə keçə bilməz. Onu demək istəyirəm ki, Ermənistanın ABŞ təsiri altında “Tramp Marşrutu”nu Rusiyasız həyata keçirmək istəyi bir növ siyasi jestdir. Lakin reallıq ondan ibarətdir ki, regionun sabitliyi və nəqliyyat inteqrasiyası balans siyasətilə deyil, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulmalıdır. Əks halda acı nəticələr verə bilər”.

Vidadi ORDAHALLI

Seçilən
27
baki-xeber.com

1Mənbələr