Çempionlar Liqasındakı təmsilçimiz Liqa mərhələsinin IV turunda “Çelsi”ni qəbul edəcək.
Gələn həftə ölkəmizə gələcək İngiltərə nəhənginin Bakı planı məlum olub.
Belə ki, “zadəganlar” paytaxtımıza qarşılaşmadan ənənəyə uyğun olaraq iki yox, bir gün əvvəl təşrif buyuracaq.
Nümayəndə heyətini gətirəcək çarter reysli təyyarə noyabrın 4-ü axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.
Bu, o deməkdir ki, “Çelsi” oyunöncəsi məşqini Londonda keçəcək. Həmçinin, baş məşqçi Enzo Mareskanın jurnalistlər üçün mətbuat konfransı da Bakıda yox, İngiltərənin paytaxtında gerçəkləşəcək.
“Göylər”in İngiltərəyə yad olan Azərbaycan iqliminə və oyunun keçiriləcəyi meydana uyğunlaşmaqla bağlı vaxt itirmək istəməməsinin səbəbi maraq doğurmaya bilməz.
Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
3 turdan sonra aktivində 6 xal olan Azərbaycan çempionu 32 komanda arasında 13-cü pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ