AZ

İşçilərin süni intellekt səbəbindən iş yerlərini itirmək qorxusu başadüşüləndir, lakin real təhlükə deyil

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman bildirib ki, bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacaq. Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək.Süni intellekt yaxın gələcəkdə hansı sahələrdə iş yerlərini daha çox əvəz edəcək?İKT sahəsində yeni yaranan hansı peşələr daha çox tələb olunacaq?Azərbaycanda AI texnologiyalarına maraq necədir?İşçilər süni intellekt səbəbi ilə iş yerlərini itirməkdən qorxmalıdırlar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə heyətinin sədri, İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, süni intellekt əmək tutumlu, lakin yaradıcılıq payı az olan işləri əvəz edəcək.

Elvin Abbasov

“Süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bu texnologiya ilk növbədə təkrarlanan və qaydaya əsaslanan işləri avtomatlaşdıracaq. Ofis inzibati proseslər, ilkin mühasibatlıq, məlumatların emalı və müştəri xidmətləri kimi sahələrdə insan əməyinə ehtiyac azalacaq. Süni intellekt əmək tutumlu, lakin yaradıcılıq payı az olan işləri əvəz edəcək.

Bununla yanaşı, İT sektorunda yeni və yüksək ixtisas tələb edən peşələr formalaşır. “Prompt engineer”, “machine learning mütəxəssisi”, “AI etikası üzrə ekspert” və “AI təhlükəsizliyi analitiki” kimi ixtisaslara tələbat sürətlə artır. Gələcəyin əmək bazarında üstünlük süni intellekti effektiv istifadə etməyi bacaran mütəxəssislərdə olacaq.

Elvin Abbasov vurğulayıb ki, süni intellekt iş yerlərini azaltmır, sadəcə onların formasını dəyişir: “Azərbaycanda da süni intellekt texnologiyalarına maraq son illərdə yüksəlib. Dövlət və özəl sektor səviyyəsində innovasiyalara açıq mühit formalaşır, gənclər bu sahədə tədris və tədqiqatlara qoşulurlar. Lakin davamlı inkişaf üçün lokal məlumat bazalarının yaradılması və milli AI ekosisteminin gücləndirilməsi vacibdir.

İşçilərin süni intellekt səbəbindən iş yerlərini itirmək qorxusu başadüşüləndir, lakin bu, real təhlükə deyil. Süni intellekt insanı əvəz etmir, onun işini daha məhsuldar edir. Əsas məsələ dəyişən texnoloji reallığa uyğunlaşmaq və yeni bacarıqlara yiyələnməkdir. Süni intellekt iş yerlərini azaltmır, sadəcə onların formasını dəyişir. Gələcəyin uğurlu mütəxəssisi bu texnologiyadan qorxmayan və ondan faydalanmağı bacaran insandır”-deyə Elvin Abbasov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr