GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çin sosial mediada “mütəxəssislik senzurası”na start verib. Yeni qaydalara əsasən, blogerlər tibbi, hüquqi, maliyyə və təhsil kimi sahələrdə yalnız müvafiq diplom yaxud lisenziya olduqları halda məzmun paylaşa biləcəklər. Əks halda, bunun üçün 100 min yuana (təxminən 14 min dollar) qədər cərimə tətbiq ediləcək.
Azərbaycanda da belə bir qanuna ehtiyac varmı?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Konstitusiyamızın 50-ci maddəsinə görə, hər kəs fikir və söz azadlığına malikdir:
“Dövlət isə məlumat almaq və yaymaq hüququnu təmin edir. Lakin bu azadlıq qanunla müəyyən edilmiş hallarda, cəmiyyətin və vətəndaşların hüquqlarını qorumaq məqsədilə məhdudlaşdırıla bilər. Hazırda Azərbaycan qanunvericiliyində sosial şəbəkələrdə ixtisaslaşmış sahələr üzrə məzmun istehsalını birbaşa məhdudlaşdıran və ya peşə sənədi tələb edən norma mövcud deyil, lakin bəzi dolayı mexanizmlər tətbiq olunur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2-ci maddəsi internetdə dezinformasiyanın yayılmasını qadağan edir. Bu, tibbi, hüquqi və maliyyə mövzularında yanlış məlumatlara qarşı hüquqi əsas yaradır.
“Media haqqında” Qanun yalnız peşəkar jurnalist fəaliyyətini tənzimləyir. Fərdi blogerlər və sosial media istifadəçiləri bu çərçivəyə daxil deyil. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri böhtan və təhqir hallarında məsuliyyət yaratsa da, ixtisaslaşmış sahələrdə yayılan zərərli məlumatların qarşısını tam şəkildə almır. “Reklam haqqında” Qanun aldadıcı tibbi və maliyyə məzmunlu reklamı qadağan edir, lakin bu, fərdi paylaşımlar və “tədris” məqsədli yayımlar üçün keçərli deyil. Yəni məzmunun ixtisas tələbi əsasında tənzimlənməsi sahəsində qanunvericilik boşluğu mövcuddur”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, sosial şəbəkələrdə “həkim”, “psixoloq”, “vəkil” və “maliyyə eksperti” kimi təqdim edilən, lakin müvafiq diplomu olmayan şəxslər cəmiyyətə yanlış məlumatlar ötürürlər:
“Bu, xüsusilə tibbi və hüquqi məsələlərdə vətəndaşların hüquq və təhlükəsizliyinə birbaşa təsir göstərir. Sözügedən problem sertifikat və lisenziya tələbinin olmamasından qaynaqlanır. İnzibati Xətalar Məcəlləsində bu fəaliyyət növü üçün ayrıca məsuliyyət nəzərdə tutulmayıb. Dezinformasiya ümumi qaydada cərimələnir, lakin ixtisas sahələrinə dair yanlış “məsləhət” və fırıldaqçılıq halları üçün ayrıca mexanizm yoxdur. Hazırda sosial mediada ixtisaslaşmış sahələrdə yayılan məzmunu monitorinq edən və lisenziyasız fəaliyyətin qarşısını alan xüsusi qurum mövcud deyil. Bu sahədə mütləq şəkildə islahatlar aparılmalıdır.
Məsələn, “İxtisaslaşmış sahələr üzrə onlayn məzmunun hüquqi tənzimlənməsi haqqında” Qanun qəbul edilməlidir. Bununla tibbi, hüquqi, maliyyə və təhsil mövzularında məzmun paylaşan şəxslər üçün sertifikat yaxud diplom tələbi qoyulmalıdır. Buna əməl etməyənlər 20 000-50 000 manat arası inzibati cərimə olunmalıdır. Mədəniyyət, Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə nəzarət mexanizmi formalaşdırılmalıdır. Vətəndaşlara, xüsusilə gənclərə, internetdə yayılan “məsləhətlərin” hüquqi və tibbi riskləri barədə məlumat verilməlidir. Sosial media platformaları ixtisaslaşmış mövzular üzrə paylaşım edən istifadəçilərdən peşəkar identifikasiya tələb etməlidirlər”.
Qeyd edək ki, son məlumatlara görə, Azərbaycanda sosial media istifadəçilərinin sayı təxminən 6,73 milyon nəfərdir, bu da ölkə əhalisinin təxminən 64,9 faizinə uyğundur.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.