Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı sahibkar İlqar Xanadanovun qətlində şübhəli şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə oktyabrın 25-də baş verib. Yerli kafelərdən birində aşpaz işləyən şəxslə tanışı, 49 yaşlı İlqar Xanadanov arasında köhnə maliyyə məsələləri ilə bağlı mübahisə yaranıb.
Hər iki şəxs içkili olub. Mübahisə zamanı aşpaz əlindəki baltayla sahibkara baş nahiyəsindən ağır zərbə endirib, nəticədə o hadisə yerində ölüb.
Cinayətdən sonra şübhəli şəxs izləri itirmək üçün iş adamının avtomobilini başqa yerə aparıb, cəsədini isə yol kənarında gizlədib. İlqar Xanadanovun itkin düşməsi barədə məlumat yayıldıqdan sonra onu polis və könüllülər bir neçə gün ərzində axtarıb. İlqarın meyiti oktyabrın 30-da meşəlik ərazidə tapılıb.
Daxili İşlər Nazirliyinin vilayət üzrə rəsmi nümayəndəsi Valeri Qorelıx bildirib ki, saxlanılan şəxs əvvəlcə günahını inkar edib. Lakin poliqraf (yalan detektoru) vasitəsilə dindirmə zamanı hər şeyi etiraf edib və hadisənin təfərrüatlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
 
                        