AZ

Lavrov Alyaskada Trampın Putinlə hansısa razılaşmalar əldə etdiyinə eyham vurdu...


Əli Mustafa: “Mümkündür ki, Tramp nələrəsə şərti razılıq verib, sonra anlayıb ki, bu doğru deyil”

Rusiya hələ də ABŞ-ın Alyaska sammitində müzakirə olunan təklifləri təsdiqləməsini gözləyir. Biz Trampın Alyaskada Putinlə razılaşma yönümündə addımlar atmasını gözləyirik.

Putin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada təqdim etdiyi konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlığa hazır olduğunu söylədi. Bu mövzular daha sonra Ankoricdə də müzakirə olundu. Moskva ABŞ tərəfindən təqdim olunan konsepsiyanı qəbul etməyə və onun əsasında praktiki addımlar atmağa hazır olduğunu bildirib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın da Putin-Tramp görüşünün nəticə verəcəyinə dair zəmanətə ehtiyacı var.

Göründüyü kimi, Lavrov Alyaska görüşündə hansısa razılaşmanın olduğunu iddia edir. Halbuki, bu barədə heç bir məlumat yoxdur. Avqustun 15-də Alyaska görüşündən sonra belə bir məlumat yayıldı ki, Putin Trampı Donbasın tamamilə Rusiyaya verilməsinə razı salmağa çalışıb. Guya Tramp buna razılaşıb. Sonra Tramp bunu təkzib etdi və bunun Ukrayna xalqının qərarına bağlı olduğunu bildirdi. İndi də heç bir məlumat yoxdur, amma Lavrov bunu iddia edir. Maraqlıdır, Alyaskada təxminən nə razılaşma ola bilərdi? Lavrov nəyi nəzərdə tutur?

“Belə bir qərar vermək istənilən hakimiyyət üçün fəlakət deməkdir”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Alyaskada Trampla Putin arasında nələrin müzakirə edildiyini onlar bilir: “Bir də müzakirədə iştirak edən tərcüməçilər bilir. Ancaq bu barədə ictimaiyyətə məlumat verilmədi. Sadəcə olaraq danışdıqlarını dedilər, müəyyən məsələləri müzakirə etdilər və aydınlıq gətiriləcək dedilər, amma bu baş vermədi. Faktiki olaraq, Alyaskada keçirilən danışıqların məzmunu qapalı qaldı. Ehtimallardan biri o idi ki, Putin nələrəsə Trampı inandırmağa çalışıb. Ola bilsin, bəzi razılaşmalar olub. Çünki Alyaska görüşü ilə bağlı belə bir məlumat yayıldı ki, ilk dəfə Putin əvvəlkilərdən daha az ərazi istəyib. Daha az iddialı olub. Ola bilsin, Donbasın tamamilə işğalı müqabilində Rusiya digər ərazilərdən çıxmaqla bağlı söz verib. Sonra Tramp anlayıb ki, buna kiminsə ixtiyarı yoxdur. Yəni Ukrayna cəmiyyəti buna getməyəcək. Çünki Ukrayna xalqı 4 ildir savaşır. Ona görə də belə bir qərar vermək istənilən hakimiyyət üçün fəlakət deməkdir. Tramp bir dəfə ağzından belə bir söz qaçırdı ki, Putin bütün Ukraynanı istəyir. Ola bilər ki, Putinin tələbləri maksimalist olduğu üçün sonra Tramp buna getməyib. Görünür, Vaşinqtonda Trampa izah ediblər ki, buna getmək olmaz. Mümkündür ki, Tramp nələrəsə şərti razılıq verib, sonra anlayıb ki, bu doğru deyil. Putinin Trampı aldatmağa cəhd etdiyi də istisna deyil. Unutmaq olmaz ki, Tramp tez-tez fikrini dəyişən siyasətçidir. Ona görə də birmənalı fikir söyləmək çox çətindir. Məsələn, Tramp Ukraynaya “Tomahavk” raketini verməyə demək olar hazır idi. Putinin son anda zəngindən sonra fikrini dəyişdi. Zelenski ilə görüşdə başqa bir vəziyyət yarandı. İndi isə tamam başqa bir vəziyyət yaranıb. Ola bilsin, Lavrov buna eyham vurur”.

Vidadi ORDAHALLI

Seçilən
25
baki-xeber.com

1Mənbələr