AZ

Gürcüstan Qərbdən sürətlə uzaqlaşır - qonşumuzun Rusiyaya qəfil dönüş ehtimalı hamını narahat edir...


İlyas Hüseynov: “...Yaranan problemlər fonunda gərginliyin artması Gürcüstan hakimiyyətini Rusiya ilə daha da yaxınlaşdırır”

Bir zamanlar Qərbyönümlü siyasət yürütməyi xarici siyasətinin əsas istiqaməti sayan Gürcüstanla Qərb arasında ciddi qarşıdurma mövcuddur. Gürcüstanın hazırkı hakimiyyəti Qərbdən üz çevirmək yolunu tutub, demək olar ki, Qərblə bütün əlaqələri sarsılıb.

Bütün bunların fonunda Gürcüstan hakimiyyəti ilə Qərbin münasibətləri getdikcə gərginləşir. Gürcüstan hətta sanksiyalarla üz-üzrədir. Qərbin Gürcüstana ciddi sanksiyalar tətbiq etməsi məsələsi gündəmdədir. Lakin Gürcüstan daha da irəliləmək fikrindədir. Bu vəziyyət sonda Gürcüstanı açıq şəkildə Rusiya ilə yenidən daha isti münasibətlərə və əməkdaşlığa sövq edə bilərmi? Yəni Gürcüstan qəfil Rusiyaya tərəf dönə bilərmi? Bu baş verərsə nə olacaq?

“Gərgin münasibətlərin formalaşması istər-istəməz dövlətlər üçün alternativləri, seçim imkanlarını çoxaldır”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Qərblə Gürcüstan arasında olan çox gərgin münasibətlər və qarşılıqlı ittihamlar fonunda Gürcüstan hakimiyyəti də öz milli maraqlarına söykənir və ölkənin təhlükəsizliyi, dayanıqlı inkişafı üçün addımlar atmağa çalışır: “Hesab edirəm ki, Qərblə Gürcüstan hakimiyyəti arasında olan ciddi fikir ayrılıqları və bu xüsusda yaranan problemlər fonunda gərginliyin artması Gürcüstan hakimiyyətini Rusiya ilə daha da yaxınlaşdırır. Çünki yarana biləcək iqtisadi çətinliklər həm də Rusiya tərəfləndən qarşılanırsa, bu birbaşa olaraq Gürcüstanın Rusiyadan aslılığını gücləndirir. Buna Qərb necə reaksiya verəcək, bunu məqbul hesab edə biləcəkmi? Qərb gərginliyin daha da artmasına görə Rusiya ilə Gürcüstan hakimiyyətinin daha çox əməkdaşlığının formalaşmasına göz yumacaqmı? Yəni bu çox çətin münasibətlər sistemidir. Bir dövləti öz tərəfinə çəkmək üçün müxtəlif vasitələrdən istifadə oluna bilər. Lakin gərgin münasibətlərin formalaşması istər-istəməz dövlətlər üçün alternativləri, seçim imkanlarını çoxaldır. Hazırda Gürcüstanın Rusiya əleyhinə fəaliyyət göstərməməsi, antirusiya sanksiyalarına və məhdudiyyətlərinə qoşulmaması, dayanıqlılıq mövqeyi Rusiya tərəfindən təqdir olunsa da, Qərb tərəfindən qəbul olunmur. Münasibətlərdəki gərginliyin daha çox səbəbi də elə budur”.

İradə SARIYEVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr