Van Tədris və Tədqiqat Xəstəxanasının baş həkimi, kardiologiya üzrə mütəxəssis dosent Remzi Sarıkaya qan durulaşdırıcı (antikoaqulyant) dərmanların həkim nəzarəti olmadan istifadəsinin ciddi təhlükələr yaratdığını bildirib. Son dövrlərdə cəmiyyətdə bu dərmanların həkim məsləhəti olmadan istifadəsinin artdığına diqqət çəkən mütəxəssislər xəbərdarlıq edir ki, bu, həyati risklərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, dosent Sarıkaya qeyd edib ki, “Yaşam müddətinin uzanması və müasir müalicə üsullarının artması ilə qan durulaşdırıcı dərmanların istifadəsi də artıb. Xüsusilə yaşlı insanlarda ritm pozğunluqları və damar əməliyyatlarının çoxalması səbəbindən bu dərmanların düzgün idarə olunması və izlənməsi daha da önəm kəsb edir”.
Sarıkaya bildirib ki, bu dərmanlar yalnız düzgün dozada və uyğun xəstədə istifadə edilməlidir:
“Əgər dərman artıq miqdarda qəbul edilərsə və ya uyğun olmayan şəxsə təyin edilərsə, beyin qanaması və ya böyük daxili qanaxma kimi ciddi fəsadlar yarana bilər. Əks halda isə dərmanı kəsmək və ya dozasını dəyişmək laxtalanma riskini artırır, bu da insult, iflic və digər həyati təhlükəli hallara səbəb ola bilər”.
Mütəxəssis qeyd edib ki, bəzi insanlar “gündə bir aspirin içim”, “həftədə iki dəfə istifadə edim” kimi düşüncələrlə özbaşına qan durulaşdırıcı dərmanlara başlayır, lakin bu, olduqca təhlükəlidir.
Sarıkaya xəbərdarlıq edib: “Əgər həkim müayinədən sonra bu dərmanı sizin üçün uyğun hesab etməyibsə, onu qəbul etməyiniz düzgün deyil. Həmçinin qan durulaşdırıcı müalicə alan xəstələr sadə prosedurlar – məsələn, diş müalicəsi – öncəsi belə həkimlərinə müraciət etməlidirlər. Özbaşına dərmanı kəsmək çox ciddi nəticələrə gətirib çıxara bilər”.
O, əlavə edib ki, həkim tərəfindən başlanmış antikoaqulyant müalicə yalnız həkim göstərişi ilə dəyişdirilməli və ya dayandırılmalıdır:“Bu dərmanları özbaşına kəsmək, ara vermək və ya dozasını dəyişmək qətiyyən olmaz. Müalicə müddətində həkimin təyin etdiyi doz və nəzarət rejimi mütləq şəkildə qorunmalıdır”.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az