AZ

Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla danışıqları bərpa etməyə razılaşıb

İslamabad terror qruplaşmalarına qarşı qəti tədbirlər tələb edir...

Poliqon xəbər verir ki, Geo News telekanalının məlumatına görə, Pakistan hökuməti Türkiyənin vasitəçilik təşəbbüsündən sonra Əfqanıstanla danışıqları bərpa etməyə razılıq verib. Məlumata əsasən, əvvəlki danışıqlar nəticə vermədiyi üçün İslamabad nümayəndə heyəti artıq evə qayıtmağa hazırlaşırdı, lakin Ankara rəhbərliyinin xahişi ilə nümayəndə heyətinin İstanbuldakı missiyası uzadılıb.

Mənbələrin bildirdiyinə görə, danışıqların əsas mövzusu Pakistanın Əfqanıstana qarşı irəli sürdüyü əsas tələblə bağlı olacaq. İslamabad rəsmi Kabildən öz ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı “aydın və effektiv tədbirlər” görməsini tələb edir.

Pakistan tərəfi uzun müddətdir ki, Əfqanıstanın sərhəd bölgələrində fəaliyyət göstərən “Tehrik-e Taliban Pakistan” (TTP) kimi silahlı qrupların onun ərazisinə hücumlar təşkil etdiyini iddia edir. Rəsmi Kabil isə bu iddiaları əsaslı saymır, lakin regionda təhlükəsizliyin təmin olunması üçün “qarşılıqlı etimada əsaslanan dialoqa” sadiq olduğunu bildirir.

Ekspertlər hesab edirlər ki, Türkiyənin bu prosesdə vasitəçi rolu iki qonşu ölkə arasında gərginliyi azaltmaq və regional sabitliyə töhfə vermək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr