AZ

Fast food və hazır qidalar dəriyə zərər vurur – mütəxəssisdən xəbərdarlıq

Son illərdə fast food və hazır qidaların istifadəsinin artması dəri sağlamlığına ciddi mənfi təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edir ki, qeyri-sağlam qidalanma vərdişləri dəridə yağlanma, sızanaq, parlaqlığın itməsi və erkən qocalma kimi problemlərə səbəb olur.

E-saglam.az xəbər verir ki, qidalanma və pəhriz üzrə mütəxəssis Pakizə Gizem Akgül bildirib ki, “Dərinin sağlamlığına mənfi təsir edən əsas amillərdən biri emal olunmuş və saflaşdırılmış məhsulların həddindən artıq istifadəsidir”.

O, vurğulayıb ki, bir çox insan daha gənc və parlaq görünmək üçün kosmetik və estetik prosedurlara üstünlük verir, lakin düzgün qidalanma dəri baxımının vacib hissəsi kimi qəbul edilmədikdə ciddi risklər yaranır.

Akgülün sözlərinə görə, “Dərimiz bədənlə xarici mühit arasında qoruyucu baryer rolunu oynayır. Dərinin sağlam qalması üçün immun sisteminin gücləndirilməsi və antioksidant maddələrlə zəngin qidaların qəbulu vacibdir. Günəş şüalarının səbəb olduğu ləkələrdən qorunmaq üçün də antioksidant təsirli məhsullar mühüm əhəmiyyət daşıyır".

Vitaminlərin və faydalı məhsulların rolu:Akgül əlavə edib ki, E vitamini dərini qırışlardan qoruyan güclü antioksidantdır və xüsusilə badam və digər yağlı toxumlarda bol miqdarda olur. C vitamini isə həm dəri bütövlüyünü qoruyur, həm də dəri xərçənginə qarşı qoruyucu təsir göstərir. “Domates və qarpızın tərkibindəki likopen immun sistemini dəstəkləyir. A vitamini də çox önəmlidir — sızanaq və digər dəri problemlərinin qarşısını almağa kömək edir,” – deyə o bildirib.

Avokado və su mütləq olmalıdır:Mütəxəssis həmçinin vurğulayıb ki, avokado dərinin elastikliyini və parlaqlığını artırır. “Gözəl və sağlam dəri üçün kifayət qədər su içmək vacibdir. Yaşıl çay C vitamini mənbəyidir, sink və selenyum isə saç, dırnaq və dəri quruluşunun möhkəmliyini təmin edir,” – deyə Akgül qeyd edib.

Hazır qidalar təhlükə mənbəyidir:Akgül sonda xəbərdarlıq edib: “Emal olunmuş və hazır qidaların tez-tez qəbulu dəri sağlamlığına mənfi təsir göstərir. Fast food və qablaşdırılmış məhsullar dərinin təbii balansını pozur və onun vaxtından əvvəl qocalmasına səbəb ola bilər”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
19
e-saglam.az

1Mənbələr