AZ

Azərbaycanda Rusiya maraqlarına lobbiçilik edir, özü milyonçu, üç övladı yüksək vəzifədə...


Faşizm üzərində Qələbə Günü - 9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilmiş (hazırda iş üzrə ibtidai istintaq aparılır) Saleh Səmədovun üç oğlu da son vaxtlara qədər yüksək vəzifələr tuturmuş.

S.Səmədovun oğlu Mehralı Səmədov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib.

M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini olub. Bundan əvvəl onlar da işdən çıxarılıblar.

Həmçinin bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, onu qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.

Azərbaycanda Rusiyanın maraq lobbiçisi kimi həbs edilmiş Saleh Səmədovun oğlu türmə rəisliyinə necə yüksələ bilib? Belələri Azərbaycanda nə qədər var? Bu cür şəxslər türmə rəisi olduğu vaxtlarda ölkəyə nə kimi ziyanlar vurub?

Şəmsəddin Əliyev: “...Bu cür adamların o vəzifələrə necə yüksəlməsi məsələsi...”

Ekspert Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bir vətəndaş kimi bu cür hallara seyrçi qalmaq mümkün deyil: “Əgər onlar öz atalarının yolu ilə gediblərsə, mütləq şəkildə bu məsələ araşdırılmalıdır. Hüquqi və demokratik dövlətin vətəndaşı kimi ata oğula, oğul ataya, qardaş qardaşa görə törədilən hər hansı bir əməldə cavabdehlik daşımır. Amma əgər oğulun atasının əməlində iştirakı varsa, təbii ki, o əməldə iştirak dərəcəsinə görə məsuliyyət daşıyır.

Təbii ki, bir vətəndaş kimi bu məsələyə seyrçi qalmaq olmaz. Bir ailədə bir nəfərin Rusiyanın maraqlarını müdafiə etməsi, onun bayrağını, gerbini təbliğ etməsi, evində saxlaması, Azərbaycan dövlətinə mənsub olan bir vətəndaş kimi dövlətin xarici siyasətinin, diplomatiyasının əleyhinə getməsi halı varsa, ailənin digər üzvləri də bu yolla getmiş ola bilər. Bu məsələ araşdırılmalıdır. Bütövlükdə, insanlar hansı vəzifələrdə olurlarsa olsunlar, ümumxalq maraqlarından çıxış etməlidirlər. Dövlətin, xalqın maraqlarına xidmət edən insanların övladlarının bu şəkildə vəzifə tutmaları cəmiyyətdə normal qarşılamır. Bütün hallarda, bu cür adamların o vəzifələrə necə yüksəlməsi məsələsi geniş araşdırılmalıdır”.

Azər Həsrət: “Bunun səbəbini, arxasında dayanan gücü tapıb aşkarlamaq lazımdır ki, belə təhlükəli vəziyyət yaranmasın”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, insanların yaxınlarının hansısa əməllərinə görə dəyərləndirilməsinin tərəfdarı deyil: “Amma elə dövlət vəzifələri var ki, həmin vəzifələrdə insanların irəli çəkilməsi zamanı yaxın ətrafı haqqında yetərincə araşdırma aparılır. O cümlədən də bu şəxslərin olduqları vəzifələrə baxanda görünür ki, onlar elə də sıradan vəzifələr deyil. Elə vəzifələrə həqiqətən də dövlətə etibarlı, güvənilən adamların seçilməsi şərtdir. Amma sual olunur ki, bu cür şübhəli bir tipin övladları necə olub ki, o cür vəzifələrdə rahat-rahat irəliləyə biliblər? Kimlər onları himayə edib, kimlər onları irəli çəkib? Yəni bu suallar açıqdır. Bir daha deyirəm, ata-anasına, qardaş-bacısına görə insanları dəyərləndirməyin tərəfdarı olmasam da, o şeyin fərqindəyəm ki, xüsusi əhəmiyyətli dövlət qurumlarına kimlərisə istənilən işə götürəndə onun az qala yeddi arxa dönənini araşdırırlar. Bu adamları işə götürərkən onların atasının bu şübhəli və antimilli fəaliyyətini doğrudanmı görməyiblər? Yəni doğrudanmı hesab ediblər ki, bu cür adamların yaxınları bu cür strateji vəzifələrdə belə rahat-rahat otura bilərlər? Düşünürəm ki, bu məsələ bir daha aktuallaşır. Yəni dövlət qurumlarında irəli çəkilən adamlarla bağlı araşdırmaların daha ciddi şəkildə aparılması vacibdir. Həm də nəzərə almalıyıq ki, hazırda Azərbaycanda, özəlliklə Ramiz Mehdiyevlə bağlı geniş bir müzakirə getdiyi halda bu cür sualların əslində yeri yoxdur. Çünki o özü vəzifədə olduğu dövrdə daha çox Rusiya meyilli, rus qafalı insanların irəli çəkilməsini təşviq edib. Bəlkə bu da həmin o dalğadır, bəlkə bu da onun xətti üzrə təyinatlardır? Bu suallar açıqdır. Amma bir daha demək istəyirəm ki, dövlət bu məsələlərlə bağlı daha dərin araşdırma aparır, aparmalı və uyğun adamları uyğun vəzfifələrə çəkməlidir. Təəssüflə xüsusi olaraq qeyd etmək istəyirəm ki, bəzən bizim ölkəmizdə milli xətdə olan adamların həm özləri, həm də onların övladları illərlə dövlət vəzifələrinin, adi işlərin kandarına belə ayaq basa bilməzkən Moskvaya, Tehrana, nə bilim hansısa şübhəli mərkəzlərə bağlı adamların övladları ildırım sürətilə vəzifələrə irəli çəkilir. Bunun səbəbini, arxasında dayanan gücü axtarıb tapıb aşkarlamaq lazımdır ki, belə təhlükəli vəziyyət yaranmasın”.

İradə SARIYEVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr