
Yeni bir araşdırmaya görə, idman edə bilməyən kişilər üçün bir fincan isti kakao düşündüyünüzdən daha faydalı ola bilər. Böyük Britaniyada aparılan tədqiqat göstərib ki, kakao içmək uzun müddət oturmağın damarlar üzərindəki mənfi təsirlərini azaldır.
Mütəxəssislərin fikrincə, uzun müddət hərəkətsiz qalmaq ürək sağlamlığı üçün zərərlidir. Bu, qan axınını azaldaraq damar funksiyasını zəiflədir və ürək xəstəliyi ilə insult riskini artırır.
Lakin kakao, çay, alma və qaragilə kimi bitkilərdə təbii şəkildə olan flavanol maddəsi sayəsində bu mənfi təsirlərə qarşı qoruyucu rol oynaya bilər.
Flavanol damar elastikliyini qoruyur
Birmingem Universitetindən alimlər yarısı aktiv və sağlam, yarısı isə daha az aktiv olan 40 sağlam gənc kişini müşahidə ediblər. İştirakçıların bir hissəsinə yüksək flavanol tərkibli (ən azı 695 mq), digərlərinə isə demək olar ki, heç flavanol olmayan (5,6 mq) kakao verilib. Daha sonra onlardan iki saat boyunca hərəkətsiz oturmaları istənilib.
Nəticələrə görə, az flavanol qəbul edənlərdə damar funksiyası zəifləyib və təzyiq yüksəlib. Lakin yüksək flavanol qəbul edənlərdə bu geriləmə müşahidə olunmayıb. Tədqiqatçılar bunun uzun müddət oturmağın damarlar üzərindəki mənfi təsirlərini tamamilə dayandıra bildiyini bildiriblər.
Journal of Physiology jurnalında dərc olunan araşdırmada flavanolun oturmaqdan qaynaqlanan damar sərtliyinin qarşısını ala bildiyi ilk dəfə elmi şəkildə sübut edilib. Həmçinin, mütəmadi idman edən şəxslərdə belə uzun müddət oturmanın damar funksiyasını pozduğu qeyd olunub.
Mütəxəssislərdən tövsiyə
Tədqiqatçılardan Dr. Katarina Rendeyro bildirib ki, uzun müddətli oturaq dövrlərdə flavanol baxımından zəngin qidalar və içkilər qəbul etmək, hərəkətsizliyin damar sistemi üzərindəki mənfi təsirlərini azaltmağın effektiv yoludur.
Doktorant Alessio Daniele isə qeyd edib ki, yüksək flavanol tərkibli kakao məhsulları supermarketlərdə və sağlam qida mağazalarında tapıla bilər. Daniele bildirib ki, əgər kakaonu sevmirsinizsə, alma, gavalı, giləmeyvə, fındıq, qara və yaşıl çay da oxşar faydalar verir.
