AZ

"İki cəbhədə mübarizə aparmağa hazır deyilik" - Elvin Məmmədov

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Şamaxı"ya 0:1 uduzaraq mübarizəni dayandıran "Səbail"in baş məşqçisi Elvin Məmmədov minimal hesablı yenilgini şərh edib.

Paytaxt təmsilçisinin baş məşqçisi fikirlərini Fanat.Az-a bölüşüb. 

"Oyun bizim üçün vacib idi. O mənada ki, Premyer Liqa komandası ilə qarşılaşmada bir çox şeyləri özümüz üçün müəyyənləşdirmək istəyirdik. Gücümüzü bilmək, səhvlərimizi görmək, nələrin üzərində işləməli olduğumuzu öyrənmək istəyirdik. Komandada Premyer Liqa təcrübəsi olan futbolçular var. Onlar yenidən həmin o ab-havanı hiss etmək, yaşamaq istəyirdilər. Bizim üçün çox yaxşı təcrübə oldu. Oyun da çox maraqlı alındı. Düzdür, bundan da yaxşı oynaya bilərdik. Amma məncə, layiqli mübarizə apardıq. Kubokda məqsədimiz mərhələ keçmək deyildi. Oyunun nəticəsi 1:0 oldu, amma bol qollu matç alına bilərdi. Ədalət naminə deməliyəm ki, "Şamaxı" ikinci hissədə fərqi bir neçə dəfə artıra bilərdi. Bizim də duran topdan və əks-hücumdan qol vurmaq imkanımız var idi. Bəlkə də oyunu uzatma dəqiqələrinə aparmaq olardı. Ondan sonra dözə, penaltilərə qədər davam gətirə bilərdikmi, əmin deyiləm. Çünki ehtiyat qüvvəmiz azdır, üstəlik tam gücümüzü sərf etdik. İki cəbhədə mübarizə aparmağa hazır deyilik. Fürsətdən istifadə edib "Şamaxı"nı bir daha təbrik edirəm və qarşıdakı oyunlarında uğurlar arzulayıram".

Qeyd edək ki, "Şamaxı" 1/8 final mərhələsində "Baku Sportinq"lə qarşılaşacaq.

Mirağa

Seçilən
8
1
fanat.az

2Mənbələr