AZ

İspaniya hökumətində korrupsiya dalğası: Sançes ailəsi və komandası istintaq altında

İspaniyanın baş naziri Pedro Sançes hökumət müqavilələri və korrupsiya məsələlərinə dair Senat komitəsinin dinləməsində iştirak edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dinləmədə hökumət başçısının yaxın ətrafına aid olan korrupsiya faktları müzakirə olunub.

Bir neçə saat davam edən iclasın əvvəlində Sançes, iki yaxın müttəfiqi – Santos Serdan və Xose Luis Abalosun cinayət fəaliyyətlərindən xəbərdar olmadığını bildirib.

Bu, İspaniyanın müasir tarixində fəaliyyətdə olan baş nazirin parlament istintaq komissiyasına çağırıldığı ikinci haldır. Birinci belə hal Xose Luis Sapatero dövründə olmuşdu. O da Sançes kimi Sosialist Partiyasını təmsil edirdi.

Sançes komitədə bildirib ki, “Sosialist Partiyasının maliyyələşməsi tam qanunidir və şəffaf şəkildə həyata keçirilir.” O, partiyanın nağd ödənişlər qəbul etdiyini etiraf edib, lakin vurğulayıb ki, “bu ödənişlərin hamısı qəbzlə sənədləşdirilib.”

İyun ayında Sançesin yaxın çevrəsinə daxil olan Santos Serdan təşkilatlanmış cinayət, rüşvət və nüfuzdan sui-istifadə ittihamı ilə həbs olunub. Serdan partiyanın gündəlik fəaliyyətinə cavabdeh idi. Onun sələfi Xose Luis Abalos da oxşar ittihamlarla, eləcə də vəsaitlərin mənimsənilməsi şübhəsi ilə istintaq altındadır.

Müxalif Xalq Partiyası Sançesi ifadə verməyə çağıraraq bildirib ki, baş nazir partiya və dövlət xərclərində baş verənlərdən xəbərsiz ola bilməzdi.

Bundan başqa, Sançesin həyat yoldaşı Beqonya Qomes də nüfuzdan sui-istifadə və korrupsiya ittihamları ilə istintaq altındadır. Baş nazir və hökumət bu iddiaları siyasi motivli adlandırır.

Sançesin qardaşı da regional administrasiyada işə qəbul prosesi ilə bağlı mümkün nüfuzdan sui-istifadə səbəbindən istintaqa cəlb olunub. Baş nazir bu iddianı da siyasi təzyiq kimi dəyərləndirir.

Baş nazirə təzyiq daha da artıb, çünki Kataloniya separatçı partiyası “Junts”un lideri Karləs Puçdemon hökumətlə əməkdaşlığı dayandıraraq müxalifətə keçdiyini bəyan edib.

2023-cü ilin payızından bəri “Junts”un yeddi deputatı sosialistlərə parlamentdə azlıq çoxluğu təmin etmişdi. Bu, hökumətə daxil olmanı deyil, əməkdaşlıq sazişini nəzərdə tuturdu.

Əvəzində Sançes Kataloniya müstəqilliyi referendumunun iştirakçılarına amnistiya, Kataloniya hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi və Katalon dilinin Aİ səviyyəsində rəsmi status alması vədini vermişdi, lakin bu vədlərini reallaşdıra bilmədi.

Musavat.com

Seçilən
11
3
musavat.com

4Mənbələr