Bamakonun süqutu terror təşkilatına ilk dəfə bir ölkəni tam nəzarətə götürmək imkanı verə bilər...
Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, “Əl-Qaidə”yə bağlı silahlı dəstələr Malinin paytaxtı Bamakoya doğru irəliləyərək şəhəri mühasirəyə almaq ərəfəsindədir. Nəşr yazır ki, əgər Bamako süqut edərsə, Mali ABŞ tərəfindən terror təşkilatı kimi tanınan “Əl-Qaidə”nin nəzarətinə keçən ilk dövlət olacaq.
Hazırda “Əl-Qaidə” ilə əlaqəli “İslam və Müsəlmanların Dəstək Cəbhəsi” (JNIM) adlanan qruplaşma ölkənin əsas təchizat yollarını bağlayıb. Onlar yanacaq və ərzaq tədarükünü dayandıraraq ciddi çatışmazlıq yaradıb və Mali ordusunun fəaliyyətini iflic vəziyyətinə salıblar. Paytaxtda benzinin qiyməti üç dəfə artıb, məktəblər və elektrik stansiyaları fəaliyyətini dayandırıb.
Mənbələrə görə, üsyançılar hazırda paytaxta yaxın bölgələrdə möhkəmlənərək tədricən ələ keçirmə strategiyasını həyata keçirirlər. Analitiklər bunu “Taliban”ın Əfqanıstanda 2021-ci ildə tətbiq etdiyi taktikanın təkrarı kimi qiymətləndirirlər.
BMT-nin sülhməramlı missiyalarının, Avropa İttifaqının və “Vaqner” qrupunun uğursuzluqları fonunda Mali hökuməti Rusiya ilə yeni yardım paketi barədə danışıqlara başlayıb. Moskva artıq yanacaq və ərzaq göndərməyə söz verib.
ABŞ tərəfi isə təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbilə səfirlik əməkdaşlarının bir hissəsini təxliyə edib və bütün amerikalı vətəndaşlara ölkəni dərhal tərk etməyi tövsiyə edib.
Ekspertlərin fikrincə, Malidə dövlət strukturlarının iflası Qərbi Afrikada radikal qrupların mövqelərini gücləndirə və regionun sabitliyinə ciddi təhlükə yarada bilər.
Poliqon.info