AZ

Rusiyaya getmək istəyənlərin nəzərinə

Bu ilin iyunun 30-dan etibarən Rusiyaya vizasız getmək hüququ olan xarici vətəndaşlardan ölkəyə giriş üçün QR kod tələb olunur. Bu məqsədlə “Qosuslugi RuID” adlı portal istifadəyə verilib. Bəs hazırda Rusiyaya səfər etmək istəyənlər ölkəyə daxil olmaq üçün hansı prosedurlardan keçməlidirlər?“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyaya getmək istəyən şəxs səfərindən 72 saat əvvəl xüsusi portal vasitəsilə ölkənin aidiyyəti qurumlarına bununla bağlı məlumat verməlidir. Daha sonra həmin məlumatlar təhlil edilir və portal üzərindən QR kod təqdim olunur. Bu kod ölkə ərazisinə daxil olarkən Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrində təqdim edilməlidir: "QR kod ölkə ərazisinə daxil olarkən Dövlət Sərhəd Xidmətinin müvafiq struktur bölmələrində təqdim edilə biləcək bir koddur. Bu, o demək deyil ki, bu kod bütövlükdə şəxsin ölkə ərazisinə girişinə tam icazə verən bir sənəddir. Azərbaycan vətəndaşları da daxil olmaqla, vizasız gedib-gəlmək istəyən şəxslər qaydalara uyğun davranmalıdırlar. Təcrübə göstərir ki, QR kod əldə etmiş şəxslər belə ölkə ərazisinə giriş edərkən müəyyən çətinliklərlə üzləşirlər və ya bəzən ümumiyyətlə ölkə ərazisinə buraxılmırlar. Çünki aidiyyəti strukturlar şəxslə bağlı təhlillər aparır. Ola bilər ki, həmin şəxs ölkə ərazisində olarkən inzibati qaydanı pozub və ya ümumiyyətlə, bu şəxsin ölkə ərazisində olması arzuolunan hal deyil. Hər hansı digər səbəblərə görə belə olduğu təqdirdə, baxmayaraq ki, şəxsin əlində QR kod var, o, ölkə ərazisinə giriş edə bilmir. Çünki digər strukturlar – Federal Miqrasiya Xidməti və ya hər hansı hüquq-mühafizə orqanı həmin şəxslə bağlı müəyyən qərar qəbul edərək onun hərəkətinə məhdudiyyət yaratmış ola bilər".A.Allahverənovun sözlərinə görə, Rusiyanın məqsədi bilavasitə ölkə ərazisində olan qanunsuz miqrantların sayının azalmasıdır:"Bu vasitə ilə dövlət miqrasiya axınları üzərində nəzarəti daha da gücləndirmiş olur. Bundan başqa, xüsusilə də əmək miqrasiyası sahəsində tətbiq edilən yeniliklər – məsələn, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmayan və ya təhsil almayan şəxslərin qalmasına icazə verilməməsi onu göstərir ki, Rusiya miqrasiya axınları üzərində nəzarəti tətbiq edərkən daha çox selektiv yanaşma sərgiləməyə çalışır və miqrasiya axınlarını daha açıq şəkildə ölkə iqtisadiyyatına fayda verə biləcək səviyyəyə çıxartmağa çalışır. Buna görə də miqrantlarla və xüsusilə də potensial qanunsuz şəxslərlə bağlı nəzarət daha da sərtləşdirilib".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
20
metbuat.az

1Mənbələr