ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə əla başlamışdı. İlk iki görüşdə qələbə qazanılmışdı. Əvvəlcə səfərdə “Benfika”dan üstün olan Azərbaycan təmsilçisi Bakıda baş tutan ikinci qarşılaşmada “Kopenhagen”i əliboş yola salmışdı. Amma Bilbaoda “Atletik”lə oyun bizi reallıqla üz-üzə qoydu. Həmin görüşdə “Qarabağ” inamsız təsir bağışladı. Deyilənə görə, baş məşqçi Qurban Qurbanov zəif oyuna görə futbolçuları cəzalandırıb.
Bizimyol.info xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasında növbəti qarşılaşmasına hazırlaşır. Noyabrın 5-də “Çelsi” qonağımız olacaq. Ağdam komandasının layiqli mübarizə aparacağına şübhəmiz yoxdur. Amma rəqibin gücünü nəzərə alaraq, xal qazanmamaq ehtimalı da böyükdür. Növbəti oyundan da uğursuzluqla ayrılarıqsa, bu halda, mərhələ adlamaq şansımız qalacaqmı?
İndi “Qarabağ”ın 3 oyundan sonra 6 xalı var. Azərbaycan təmsilçisi 36 klub arasında 13-cü yerdə qərarlaşıb. Mərhələ adlamaq üçün ilk 24-lükdə yer almaq kifayətdir. İlk baxışdan yetərincə mümkün görünür. Lakin irəlidə bizi çətin oyunlar gözləyir.
Keçən mövsümlə müqayisə aparaq. Onda liqa mərhələsindəki 8 turluq mübarizədən sonra 11 xal toplayan 3 komanda pley-offa vəsiqə qazanmışdı. Eyni zamanda, bu qədər xalı olan Zaqreb “Dinamo”su kənarda qalmışdı.
Məhz bu formatda keçirilən Avropa Liqasında 10 xal toplayanlar da mərhələ adlamışdı, Üç belə komandanın bəxti gətirmişdi. Amma “Braqa” və “Elfsborq”a pley-offa getmək üçün 10 xal yetməmişdi.
Təxmin etmək olar ki, mərhələ adlamaq üçün 10-11 xala ehtiyac var. Açığı, 9 xalla vəzifənin öhdəsindən gəlmək inandırıcı görünmür. Mütəxəssislər də bu fikirdədir. 10 xalla mübarizəni davam etdirmək üçün yaxşı top fərqi olmalıdır. “Qarabağ” böyük hesabla qələbə qazana bilməyib. Qarşıdakı oyunlarda 2-3 məğlubiyyət alsa, mənfi saldo formalaşacaq. Yəni şansımız yüksək olmayacaq.
Hesab edirik ki, “Qarabağ” məhz 11 xal toplayacağı halda müəyyən qədər rahat ola bilər. Yəni qarşıdakı 5 oyunda azı 5 xal toplanılmalıdır.
Asan vəzifə deyil. “Qarabağ” Bakıda 3 oyun keçirəcək. Əvvəlcə “Çelsi” qonağımız olacaq. Cüzi də olsa, 1 xal qazanmaq ehtimalı var. “Ayntraxt” və “Ayaks”la da burada oynayacağıq. Xüsusilə həmin qarşılaşmalara ümidimiz böyükdür. Hollandiya klubu bu il çox zəif görünür deyə, “Ayaks”ı məğlub etmək şansından rahatca danışmaq olar.
Səfərdə “Napoli” və “Liverpul”dan xal almaq çətin görünür. Neapol təmsilçisi İtaliya çempionatının lideridir. “Liverpul” son 7 oyunundan 6-da uduzub. Buna baxmayaraq, “Qarabağ”la görüşə qədər İngiltərə klubu özünə gələ və inamlı qələbə qazana bilər.
Göründüyü kimi, mərhələ adlamaq şansımız qalır. Bunun üçün xüsusilə Bakıdakı oyunlarda xal qazanmaq lazımdır.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        