Səudiyyə Ərəbistanı hökuməti Lionel Messinin 2026-cı il Dünya Kubokuna qədər qısa müddətli olaraq Səudiyyə Pro Liqasında oynaması təklifini qəbul etməyib.
Mahd İdman Akademiyasının rəhbəri Abdullah Hammad “Thmanyah” adlı podkasta verdiyi müsahibədə bildirib:
“Son Klub Dünya Kuboku zamanı Messinin komandası mənimlə əlaqə saxladı və onun Səudiyyə Ərəbistanında oynaması təklifini irəli sürdü. MLS təxminən dörd ay fasilə verəcəkdi və Messi bu müddətdə formda qalmaq, 2026 Dünya Kubokuna hazırlaşmaq istəyirdi. Bu, 2010-cu ildə David Bekhemin Los-Anceles Qalaksidə oynayarkən Milan-a keçidinə bənzəyirdi.”
Hammad bildirib ki, təklifi idman naziri ilə müzakirə edib, lakin cavab mənfi olub:
“Nazir açıq şəkildə dedi ki, Səudiyyə liqası digər turnirlər üçün hazırlıq meydanı kimi istifadə edilməyəcək.”
Sual verildikdə ki, bu, Səudiyyənin Messini rədd etdiyi anlamına gəlirmi, Hammad cavab verib:
“Bəli, bu, doğrudur.”
Xatırladaq ki, Kriştianu Ronaldunun 2022 Dünya Kubokundan sonra Əl-Nasr klubuna keçidindən sonra Səudiyyə liqası Neymar, Kərim Benzema kimi bir çox ulduz futbolçunu cəlb edib. 
Krallıq, həmçinin, 2034 Dünya Kubokuna ev sahibliyi hüququ qazanıb. 
Messi isə 2023-cü ildə "İnter Mayami" klubuna keçib. Ondan əvvəl iki mövsüm "Paris Sen-Jermen" forması geyinmiş və uzun illər oynadığı "Barselona" ilə yollarını ayırmışdı.
 
                        