Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən elan edilən tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender nəqliyyat vasitələrinin təmir xidməti və ehtiyat hissələrinin satın alınması ilə bağlı idi. Satınalmanın ehtimal olunan dəyəri 201.114,15 manat təşkil edirdi.
Satınalmanın ləğv edilmə səbəbi kimi təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsaslanır.
Məlumatda qeyd olunur ki, bu səbəbdən tender proseduru etibarsız hesab edilib və ləğv olunub.
 
                        