AZ

Həddini aşma, Perinçək!

Sən də, ucuz sarsaqlamanı tirajlayanlar da Azərbaycanın müstəqil siyasətinin yanından heç yel olub ötə bilməzsiniz

Azərbaycan əsrlər boyu tolerantlıq məkanı kimi tanınıb. Bu gün də ölkəmizdə müxtəlif konfessiyalar arasında qarşılıqlı hörmət, anlayış, dözümlülük mühiti qorunub saxlanılmaqdadır. Ölkəmizdə müxtəlif dini icmaların fəaliyyətinə və inkişafına da yetərincə şərait yaradılıb.  Bu mənada demək olar ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Hətta ölkəmizdə multikultural dəyərlərin, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən beynəlxalq tədbirlərin də keçirilməsi adi hal alıb. Bu baxımdan Bakıda 33-cü Avropa Ravvinlər Konfransının (CER) keçirilməsində qeyri-adi hal yoxdur.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl bu il noyabrın əvvəlində Bakıda 33-cü Avropa Ravvinlər Konfransının (CER) keçiriləyəsi ilə bağlı məlumat yayılmışdı. Sonradan İsrail tərəfi bu tədbiri ləğv etdi. Tədbirin təşəbbüskarı da, təşkilatçısı da, ləğv edəni də Azərbaycan deyildi. Amma nədənsə, qardaş Türkiyədə bəzi dairələr və media orqanları heç də qardaş kimi davranmır. Tədbir ləğv olunsa da bəziləri susmur...

Türkiyənin Vətən Partiyasının Baş katibi Doğu Perinçək utanmdan iddia edir ki, guya bu konfrans onun Azərbaycan hökumətinə ünvanladığı məktuba görə ləğv edilib, hətta bu dediklərinin inandırıcı çıxması üçün bu “zəfər”i “türk və islam dünyasına ithaf” edib. Sual olunur: Axı ay Perinçək, kimsən ki, sənin sözün ciddiyə alınsın?! Türk və islam düşməni, PKK terror təşkilatının fədaisi olan Perincəkin nə deməsinin, nə sarsaqlamasının Azərbaycan üçün hansısa əhəmiyyəti yoxdur. Burada üzücü məsələ Perinçəyin sərsəmləmələrinin Türkiyəni bəzi media orqanlarında tirajlanmasıdır. Hətta yazırlar ki, guya bu tədbir “müsəlman həmrəyliyinə zərbə” imiş. Bu da ondan xəbər verir ki, Türkiyədə bəzi dairələr, “siyasətçilər”, onların mediadakı uzantıları iki dövlət arasında münasibətləri zədələməkdə maraqlıdırlar.

Son günlər bu məsələ fonunda Türkiyənin bəzi media orqanlarının yenə Azərbaycanı hədəf alması da bunun göstəricisidir. Maraqlıdır, niyə görə həmin qüvvələr  2021-ci ildə İstanbulda İslam Ölkələri Ravvinlər İttifaqının ilk toplantısının keçirildiyini yada salmırlar? Həmin il Türkiyə yəhudi icmasının dəvəti ilə müsəlman ölkələrinin ravvinləri İstanbulda toplanmışdılar. İstanbula 14 ölkədən, o cümlədən Rusiyadan nümayəndələr gəlmişdi. Tədbirdə Türkiyənin rəsmi şəxsləri də iştirak edirdi. Daha sonra nümayəndə heyəti Ankarada şəxsən Türkiyə prezidenti Ərdoğanla görüşmüşdü. İndi ortaya ritorik bir sual çıxır: Bəs yaxşı, o vaxt Türkiyə mediasında, xüsusilə də indi Bakını tənqid edən mətbuat orqanlarında kim çıxıb deyirdi ki, bu hadisə “türk və islam dünyasına düşmənçilikdir”? Türkiyənin hansı mediası, TV-si qəzeti, saytı buna etiraz etdi? Onda ağızlarına su alan, sükuta batan həmin qüvvələr indi Azərbaycana qarşı çıxırlar? Belə qardaşlıq olmaz! Həmin dairələr unudurlar ki, Türkiyənin öz maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları var. Və ölkəmiz digər dövlətlərin, o cümlədən dost, qardaş, müttəfiq dövlətlərin maraqlarına hər zaman hörmətlə yanaşır.

Əslində isə hədəfdə yalnız Azərbaycan deyil, illərin sınağından çıxmış Azərbaycan-Türkiyə münasibətləridir. Bu isə həmin qüvvələrin “Bir millət, iki dövlət” şüarına qənim kəsilmələrini sübut edir.  Yeri gəlmişkən qeyd edək ki, bir neçə ay öncə İsrail-İran qarşıdurması zamanı da qardaş ölkənin bəzi media resursları ölkəmizə qarşı açıq-aşkar dezinformasiyalar dərc edirdilər. Bir məsələni də vurğulayaq ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiyalara, əsassız iddialara yol verilmir. Amma nədənsə biz bu dəstəyi qardaş ölkədən görmürük. Daha doğrusu, nədənsə Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər. Amma belə dezinformasiya yayanlar unutmasınlar ki, Azərbaycan müstəqil dövlətdir. Bu ölkə istər daxili, istərsə də xarici siyasətini özü müəyyən edir. Kimlərinsə sifarişi ilə oturub-durmur. Türkiyə mediasındakı bir neçə aqressiv köşə yazısı, bir neçə isterik televiziya efiri ilə Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətinə təsir etdiyinizi düşünürsünüzsə, bədbəxtsiniz. Ay zavallılar nəinki təsir göstərmək, heç yel olub yanından ötə bilməzsiniz!.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
23
ikisahil.az

1Mənbələr