AZ

Azərbaycanın iqtisadi inkişafı…

Bu, daha çox hansı sahələri əhatə edir?

Artıq 2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın bir çox sahələrinin  inkişafı da diqqətçəkəcək qədərdir. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın hansı sahələrində artım qeydə alınıb?

Əsas kapitala yatırılan investisiiya məbləği 13 milyard manatı ötüb

2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə əsas kapitala 13 milyard 48,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, cari ilin 9 ayında neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna qoyulmuş investisiyaların həcmində 7 faiz artım qeydə alınıb. İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 57,3 milyon manatını və ya 77,1 faizini daxili vəsaitlər təşkil edib. İnvestisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Komitənin məlumatına görə, cari ilin 8 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat həcmində vəsait yönəldilib. Bu isə ümumi investisiyaların 24,8 faizi deməkdir. Hesabat dövründə əsas kapitala yönəldilən xarici vəsaitlərin 97,3 faizi Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, İran İslam Respublikası, Hindistan, Birləşmiş Ərəb  Əmirliyi, Macarıstan və Fransa investorlarına məxsus olub.

Azərbaycan  574,3 min ton meyvə-tərəvəz ixrac edib

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574,3 min ton meyvə-tərəvəz ixrac edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.

Hesabat dövründə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 143,7 milyon dollar və ya 31,4 faiz, həcmi isə 135,2 min ton və ya 30,8 faiz artıb. Xatırladaq ki, ötən ilin 9 ayında ölkmizdən 458,8 milyon dollar dəyərində 439,2 min ton meyvə-tərəvəz ixrac edilib. Ümumilikdə isə cari ilin 9 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,24 faiz, qeyri-neft məhsullarının ixracında çəkisi isə 22,74 faiz təşkil edib.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft və 760 milyon kubmetr qaz emal edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 12 min 146 metr qazma işləri həyata keçirilib. Hesabat dövründə Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 810 min tondan artıq neft və 1 milyard 944 milyon 732 min kubmetr qaz hasil olunub. 3-cü rübdə Azərbaycanda xam neft hasilatı isə 7 milyon ton təşkil edib. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artaraq 13 milyard kubmetr təşkil edib.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 4,1 milyon ton neft ixrac edilib. Bura Şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Bununla yanaşı, 3-cü rübdə ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 faiz artım qeydə alınıb.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft və 760 milyon kubmetr qaz emal edilib. Qurumun Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

Doqquz ayda  21 798,7 mln. kVt·st elektrik enerjisi istehsal olunub

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2025-ci ilin 9 ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 12,1 mln. kVt·st, yəni 0,1 faiz artaraq 21 798,7 mln. kVt·st olub. Bu dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə 2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə 724,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3139,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6 mln. kVt·st olub.

Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib

2025-ci il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib. Bunun 70 milyard 161,7 milyon ABŞ dolları və ya 86,1 faizi Dövlət Neft Fondunun (ARDNF), 11 milyard 310,5 milyon ABŞ dolları və ya 13,9 faizi isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

Cari ilin 3-cü rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 faiz artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 faiz artım qeydə alınıb.

Ümumilikdə isə son 1 ildə ölkəmizin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 faiz artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 8 milyard 464,1 milyon ABŞ dolları və ya 13,7 faiz artım baş versə də, AMB-nin valyuta ehtiyatlarında isə əksinə, 485,3 milyon ABŞ dolları və yaxud 4,1 faiz azalma müşahidə olunub

16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 13 faiz çoxdur. Doqquz ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 23,5 faiz çoxdur.

Cari ilin 9 ayında Naxçıvan büdcəsinin gəlirlərinin 63,1 faizi yerli yığımlar hesabına formalaşıb

«2025-ci ilin ilk doqquz ayında Naxçıvan Muxtar Respublikasının maliyyə müstəqilliyi daha güclənib.  Bu dövrdə muxtar respublika büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki, bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerli yığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyon manat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min manat və ya 29,5 faiz azalma deməkdir.

Muxtar Revpublikanın  Maliyyə Nazirliyinin mətbuat üçün açıqlamasında bildirilir ki, bu azalma tendensiyası, muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyə mənbələri hesabına formalaşmağa başladığını göstərir. Yəni, yerli gəlir bazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarının artması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın büdcəsinin getdikcə daha çox öz resursları hesabına təmin olunmasına imkan verir.

Elçin Zaman, "İki sahil"

Seçilən
45
ikisahil.az

1Mənbələr