Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri mühafizəkar siyasi fəal Çarli Kirkin qətlindən sonra təhlükəsizlik məqsədilə hərbi bazalara köçməyə başlayıblar.
Musavat.com xəbər verir ki, məlumatı "The Atlantic" qəzeti mənbələrə istinadən yayıb. Bildirilir ki, Kirkin qətli, ABŞ-da Trampın siyasətinə qarşı aktiv etirazlar və məmurlara və onların ailələrinə qarşı təhdidlər administrasiya rəsmilərini hərbi bazalara köçməyə sövq edib. Orada onlar hərbi müdafiəyə etibar edə bilərlər.
Qəzetin məlumatına görə, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, daxili təhlükəsizlik naziri Kristi Noem, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sözçüsü Keti Miller və əri, Trampın baş daxili siyasət müşaviri Stiven Miller və Ordu katibi Daniel Driskol hazırda ABŞ hərbi bazalarında yaşayırlar.
Qeyd edək ki, 31 yaşlı Kirk 10 sentyabrda Yuta ştatının Orem şəhərindəki bir universitetdə çıxışı zamanı güllələnərək xəstəxanada ölüb. Mühafizəkar fəal Trampın tərəfdarı idi. Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinson 11 sentyabr axşamı həbs edilib və yeddi maddə ilə ittiham olunub. Yuta rayon prokuroru Robinson üçün ölüm hökmü tələb edəcəyinə söz verdi.
Musavat.com
 
                        