AZ

İnvestisiyalar üçün sabit və etibarlı məkan

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala 2,991 milyard manat investisiya yönəldilib

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən bir müddət iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır. Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı. Belə ki, müqavilə imzalanandan sonra neft sənayesi ilə yanaşı, bu sahəyə yaxın olan digər istehsal və xidmət sahələrinə də kapital qoyulmağa başlandı. Bu isə tədricən ölkə iqtisadiyyatının bütün sahələrinin canlanmasına imkan verdi. Çünki sonrakı mərhələdə  neftdən əldə edilən gəlirlər, əsasən, iqtisadiyyatın digər sektorlarına yönəldilirdi. İlk növbədə, infrastruktur layihələrinin icrasına böyük miqdarda yatırımlar qoyulurdu. Nəticəsi göz qabağındadır. Bu gün Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəhəng tranzit ölkədir. Şimal-Cənub marşrutunda da açar ölkə Azərbaycandır. Ələt Beynəlxalq Ticarət Limanı isə regionumuzda ən böyük yükötürücü qabiliyyəti olan nəqliyyat infrastrukturudur. Azərbaycan beynəlxalq əhəmiyyətlik hava limanlarının sayına görə də regionda liderdir.

Ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün geniş və əlverişli imkanlar yaradıb. Məhz bu səbəbdən 2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi - 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala 2,991 milyard manat investisiya yönəldilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xarici mənbələrdən yönəldilmiş investisiyaların 2,244 milyard manatı neft-qaz sektoruna, 746,4 milyon manatı isə qeyri-neft-qaz sektoruna sərf olunub. Ötən ilin ilk 9 ayı ilə müqayisədə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 23 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,2 dəfə artıb. Həmçinin cari ilin yanvar-sentyabr aylarında ölkədə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 13,048 milyard manat sərmayə qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Ümumi sərmayənin 6,648 milyard manatı məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı xidmət sahələrinə, 2,102 milyard manatı isə yaşayış evlərinin tikintisinə sərf edilib. Sərmayənin 51,6 faizi dövlət, 48,4 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinə yönəldilib, daxili mənbələrdən yönəldilmiş investisiyaların payı isə ümumi sərmayənin 77,1 faizini təşkil edib.

Qeyd edək ki, qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri, həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 6,5 faizə düşərək dünyada ən aşağı göstəricilərdən birinə çevrilib.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Enerji siyasəti də ölkəmizin beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”, elan edilməsi, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir.

Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
53
ikisahil.az

1Mənbələr