BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ hökuməti daxili hesabatında ilk dəfə İsrail ordusunun Qəzza zolağında insan haqlarını pozduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, "The Washington Post" nəşri yazır.
Məlumata əsasən, bu nəticəyə Dövlət Departamentinin baş inspektoru idarəsinin hazırladığı hesabatda gəlinib. Sənəddə qeyd olunur ki, İsrailin hərbi əməliyyatları “Leahy Qanunu”nun tələblərini poza bilər. Həmin qanun, insan haqlarının ciddi şəkildə pozulmasında ittiham olunan xarici ordulara ABŞ yardımının göstərilməsini qadağan edir.
Məxfi hesabatda İsrail ordusunun yüzlərlə qanun pozuntusu törətmiş ola biləcəyi bildirilir. Dövlət Departamentinin bu faktları araşdırması bir neçə il çəkə bilər.
Xatırladaq ki, daha əvvəl BMT-nin beynəlxalq komissiyası İsrailin Qəzzadakı fəaliyyətini soyqırımı kimi tanımışdı. İsrail Xarici İşlər Nazirliyi isə bu hesabatı “HƏMAS-ın sifarişi ilə hazırlanmış saxta sənəd” adlandırmışdı.
 
                        