AZ

"Müsbət dinamika uzunmüddətli sülhə xidmət edir"

Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi və bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, ölkəmizin ərazisində separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. Bu yeni siyasi reallığın müəllifi Azərbaycandır və o, regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan bu istiqamətdə daim konstruktiv mövqe ortaya qoyur: "Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında mühüm məqamlara toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırıb: "Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Zirvə görüşünün sülh prosesində tarixi bir addım olduğunu vurğulayan deputat xatırladıb ki, bu sammit nəticəsində tərəflər arasında mühüm sənədlər imzalanıb: "Vaşinqton sammitinin ən mühüm nəticəsi kimi "Sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında" ikitərəfli saziş mətninin tam razılaşdırılması və xarici işlər nazirləri səviyyəsində paraflanması qeyd oluna bilər. Vaşinqton görüşündə, həmçinin Zəngəzur dəhlizinin açılmasının, Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasının əhəmiyyəti bir daha təsdiq edildi. Vaşinqtonda əldə edilən razılaşmalar Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımdır". 

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi və etimad tədbirlərinin təşkili regionda dayanıqlı sülh üçün vacib şərtdir: "Bu baxımdan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"nın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sülh və etimad mühitinin möhkəmləndirilməsi üçün bu addımların atılması müsbət haldır.  Ümumiyyətlə, regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar, müşahidə olunan müsbət dinamika bölgəmizdə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Ə.QARDAŞXANOVA, 

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr