Azərbaycanın liderliyi ilə həyata keçirilən normallaşma prosesi Cənubi Qafqazda de-fakto sülhü təmin edib. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması tarixi uğur kimi qiymətləndirilməlidir.
Həmin vaxt Ağ Evdə açılması ilə bağlı razılığın əldə edildiyi Zəngəzur dəhlizi (TRIPP) təkcə regional deyil, beynəlxalq əhəmiyyəti ilə diqqət çəkir. Ermənistanın konstitusiyası dəyişdirilərək ölkəmizə qarşı ərazi iddiası ortadan qaldırılandan sonra isə sülh müqaviləsinin imzalanacağı şəksizdir. Bölgədə davamlı sülhün əldə olunması üçün proseslər sadəcə siyasi müstəvidə aparılmır. Sülhün vacib şərti olan qarşılıqlı etimad quruculuğu istiqamətində də əməli addımlar atılır.
Oktyabrın 22-də İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşünün keçirilməsi, Bakı ilə İrəvan arasında ilk çarter reysinin gerçəkləşdirilməsi tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından vacib hadisələr oldu. Bununla həm də iki ölkə arasında normallaşma istiqamətində aparılan danışıqların ictimai səviyyədə də dəstəklənməsini ortaya qoydu.
Son beş ildə regionda proseslərin normallaşmaya, sülhə doğru yön almasının fonunda Ermənistandakı revanşist qüvvələrin əməlləri, onların yenidən Cənubi Qafqazı qan-qada ocağına çevirmək üçün məkrli planlar cızması özünü qabarıq şəkildə göstərir. Sarkisyan-Koçaryan başda olmaqla keçmiş hərbi xunta, Rusiyadakı erməniəsilli oliqarxiya, erməni diasporu və kilsə onilliklər boyu sərsəm ideyalarla beyinlərini zəhərləyib müharibəyə, faciələrə sürüklədikləri erməni xalqını yenidən eyni üsulla uçuruma yuvarlamağa çalışırlar.
Ancaq erməni xalqı yeni müharibə haqqında deyil, öz gələcəyi, sosial-iqtisadi inkişafı barədə düşünməlidir. Çünki İrəvanın üçonillik boyu davam edən işğalçı siyasətinin Ermənistanı dalan ölkəyə çevirməsi, erməni xalqını sosial-iqtisadi böhrana salması reallıqdır. "Miatsum", "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi xəstə təfəkkürün məhsulları olan ideyalar ortaya ataraq Ermənistanı bir dövlət olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qoyan, demoqrafik böhrana, xalqın səfalətinə səbəb olanların özlərinin ötən illər ərzində sərvətlərinə sərvət qatmaları da bir ayrı gerçəklikdir.
Buna görədir ki, onlar iki ölkə arasında sülhə gedən yola süni maneələr yaratmağa, yenidən Ermənistanı Azərbaycanla münaqişəyə cəlb etməyə çalışırlar. Qisas illüziyasına qapılan Köçəryan və Sarkisyan regionda sabitliyə təhlükə yaradan mövqe sərgiləyir, vəziyyətin gərginləşməsi üçün hər cür cinayətə əl atırlar. Onlar mənfur planlarını həyata keçirmək üçün sistemli olaraq kilsə və digər faktorlardan istifadə edirlər.
2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdakı erməniəsilli şəxslər könüllü şəkildə ölkəmizi tərk ediblər. İndi görürük ki, bu insanlar da erməni revanşistlərin, erməni lobbisinin, erməni kilsəsinin məkrli planlarına alət olublar. Revanşistlər öz çirkin məqsədlərinə görə guya erməniəsilli şəxslərin ölkəmizdən zorla çıxarılması kimi uydurmalarla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər.
Vurğuladığımız kimi, illər boyu erməni cəmiyyətini revanşizmə kökləyən başlıca qüvvələrdən biri də kin-küdurət, xəbislik yuvası olan erməni kilsəsidir. Din xadimi adına qara ləkə olan erməni keşişlər sülhü, tolerantlığı, birgəyaşayışı təbliğ etmək əvəzinə milli nifrəti, şovinizmi, revanşizmi körükləməklə məşğuldurlar. Sarkisyan-Köçəryan cütlüyü başda olmaqla, keçmiş hərbi xunta da onların bu iyrənc fəaliyyətlərindən öz məqsədləri üçün istifadə edir.
Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin multikulturalizm, tolerantlıq mühitində əsrlərdir bir harmoniya içərisində yaşadığı Azərbaycan isə sülh tərəfdarıdır. Bakının 44 günlük müharibədən sonra Ermənistana sülh təklifi irəli sürməsi, normallaşma istiqamətində əməli addımlar atması buna nümunədir.
Halbuki yaxın zamanlara qədər Ermənistanın hakim dairələrindən tutmuş müxalif qüvvələrinə, din xadimlərindən sadə camaatına qədər bütün cəmiyyətində Azərbaycan əleyhinə isterika, revanş hissinin hökm sürməsinin şahidi idik. Ancaq hazırda bu ölkədə baş verənlər, revanşist düşüncələrin Ermənistan cəmiyyətindən təmizlənməsi prosesləri onu deməyə əsas verir ki, artıq erməni cəmiyyəti, Paşinyan iqtidarı Azərbaycanla müharibəyə meyillənməyin onlar üçün yaxşı nəticəyə gətirib çıxarmayacağını anlamağa başlayıblar. Ermənistanın gələcəyinin birbaşa Azərbaycanla sülhdən keçdiyini gec də olsa başa düşüblər. Bakının öndərliyi ilə aparılan normallaşma prosesinin bəhrələrini də artıq görməyə başlayıblar.
Qətiyyət və səyləri ilə Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən ölkəmiz bununla onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti ilə özünü dalan ölkəyə çevirən Ermənistanın ağır vəziyyətdən qurtulması üçün də mühüm tarixi fürsət yaradıb.
Oktyabrın 21-də Qazaxıstanda mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırıldığı barədə məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. "Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - deyə Prezident İlham Əliyev bildirib.
Bu isə həm də o deməkdir ki, sözün həqiqi mənasında Ermənistana çörək məhz Azərbaycandan gəlir. O Azərbaycan ki, 30 ilə yaxın qonşu olduğu bu ölkənin işğalçılıq siyasəti ilə üz-üzə qalıb, bir milyondan çox azərbaycanlı qaçqınlığın, məcburi köçkünlüyün ağrı-acılı məhrumiyyətlərinə düçar olub. İşğalçı müharibə nəticəsində xalqımız faciələrə, soyqırımlarına, qətllərə tuş gəlib.
Bütün bu olanlardan sonra iki ölkə arasında normallaşma ilə bağlı müəyyən irəliləyişlərin əldə olunması təqdirəlayiqdir. Amma hələ qarşıda gediləsi çox yol var. Çünki Azərbaycanda böyük bir nəsil müharibə şəraitində yaşayıb. Cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi çox həssas və zaman tələb edən məsələdir. İrəvanda vətəndaş cəmiyyəti nümayəndələri ilə başlayan ilk görüş bu yolda atılan vacib addımdır.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkə olaraq bu gün hərtərəfli inkişaf edir. Dövlətimizin qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər və Böyük qayıdış proqramını uğurla həyata keçirməsi müstəsna əhəmiyyətə malikdir.
Bu gün iki ölkə heç bir üçüncü tərəfə lüzum görmədən ikitərəfli dialoqlar aparır, məsələləri həll edir, etimad quruculuğu prosesini həyata keçirir. Erməni cəmiyyətinin onları qan-qadaya sürükləyən revanşistləri tədricən rədd etməsi, Sarkisyan-Köçəryan başda olmaqla "Qarabağ klanı"nın üzvlərinin törətdikləri cinayət əməllərinə görə hüquq qarşısında cavab vermələrini tələb etmələri bu prosesin uğurla bəhrələnəcəyinə şübhə yeri qoymur. Bu mənada Cənubi Qafqazda Azərbaycanın yazdığı sülh ssenarisinin uğurla tətbiq edilməsinin Ermənistandakı revanşist qüvvələrin yuxularını ərşə çəkməsi təbiidir. Bütün bu baş verənlərə öz gözləri ilə şahidlik etmələri həm də işğalçı siyasət yürüdən və revanş hissi ilə yaşayan erməni şovinistlərinə dünyadakı ən dəhşətli cəzadır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"