Sözlərin min bir çalarında ifadə olunub Vətənə məhəbbət. Şairlər şeirlər, poemalar həsr ediblər. Rəssamlar rənglərin, bəstəkarlar musiqinin dili ilə anlatmağa çalışıblar. Ancaq bu sevginin nə dürüst tərifini verə biliblər, nə də müqayisəsini tapıblar. Çünki yoxdur. Vətənə sevgi bənzərsiz, sonsuz və müqayisəyəgəlməzdir.
İşğalçıların məkrli, qəddar planları...
Azərbaycan xalqı XX əsrin sonlarında yenə ağır sınaqla üzləşdi. Tarixin ayrı-ayrı dönəmlərində vətənimiz yadellilərin hücumlarına məruz qalmışdı. 1828-ci ildə Rusiya və İran aralarında müqavilə bağlayaraq ikiyə bölmüşdülər bu məmləkəti. Çar hökuməti elə həmin vaxtlarda ərazilərimizə erməniləri məkrli planlarını həyata keçirmək, istədiyi vaxtda Azərbaycanda münaqişə yarada bilmək, bir sözlə xalqımıza bəla olmaq üçün köçürmüşdü. Nə zaman siyasi vəziyyət gərginləşir, iğtişaşlar başlayır, inqilabi hərəkat güclənirdisə, onda milli münaqişə adı ilə erməni fitnəsinə əl atılırdı.
Çar hökuməti devriləndən sonra da bu mənfur plan unudulmadı. Sovet hökuməti də daim bu yolla getdi.
Ermənilər də Azərbaycan ərazilərinə köçürülüb özlərinə yer etdikdən sonra məkrli niyyətlərini həyata keçirmək üçün fəaliyyətə başlamışdılar. Məqsədlərinə çatmaq üçün hər cür hiyləyə, riyakarlığa, rəzilliyə əl atmışdılar. İmkan tapan kimi qəddarlaşan, dəhşətli cinayətlər törədən gəlmə ermənilər Azərbaycan ərazilərinin bir hissəsində özlərinə dövlət qura bilsələr də, nə xislətlərini, nə də planlarını dəyişdilər.
1980-ci illərin sonlarında SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) adlı nəhəng imperiya çökməyə başlayanda Azərbaycanda da xalq dövlət müstəqilliyinə nail olmaq uğrunda mübarizəyə qalxdı. Və bu dəfə də SSRİ rəhbərlərinin buyruq quluna çevrilmiş, eyni zamanda işğalçılıq siyasətindən əl çəkməmiş ermənilər fürsəti fövtə vermədilər. Azərbaycanın Qarabağ bölgəsində qarışıqlıq yaratmağa başladılar. Planlı şəkildə vəziyyəti getdikcə daha da gərginləşdirdilər və Qarabağı münaqişə ocağına çevirdilər...
Süqutu ilə barışmaq, tarixə gömülmək istəməyən sovet hökuməti onillər boyu müstəmləkəsində saxladığı respublikaların öz müstəqilliklərinə nail olmalarının qarşısını almaq məqsədilə qanlı cinayətlər törətməkdən çəkinmirdi. O dövr Azərbaycan üçün xüsusilə gərgin oldu. Respublikamızdan eşidilən azadlıq sədalarından təşvişə düşən, Azərbaycan xalqının gözünün odunu almağa çalışan SSRİ rəhbərliyi dəhşətli qərar verdi. 1990-cı il yanvarın 20-də Azərbaycana qoşun yeritdilər. Silahsız, günahsız soydaşlarımız sovet ordusunun hissələri tərəfindən amansızlıqla atəşə tutuldu. O zaman da şəhidlər verdik. Amma məqsədimizdən dönmədik. Başına gətirilən faciələr Azərbaycan xalqının azadlıq ruhunu daha da yüksəltdi. SSRİ rəhbərlərinin planı puça çıxdı. Respublikamız müstəqilliyə çatmaq yolunda daha da qətiyyətlə addımladı.
Sovet hökumətinin o zamankı başqa bir qəddar və məkrli planı Qarabağda aranı qızışdıran, nifaq salan erməniləri dəstəkləməsi idi. Münaqişəyə son qoymaq adı ilə azərbaycanlıların əllərindən köhnə ov tüfənglərini belə aldılar. Qəsbkar ermənilər isə o dövrün müasir silahları, hərbi texnikası ilə təmin edildi və onlara digər yardımlar da göstərildi.
1990-cı illərdə ermənilər alovlandırdıqları münaqişəni müharibəyə çevirdilər. Birinci Qarabağ müharibəsində təklənmiş, hələ milli ordusunu qurmağa imkan tapmamış Azərbaycandan Qarabağ və Şərqi Zəngəzur ərazilərini bu yolla qopartdılar. Azğınlaşmış ermənilər minlərlə azərbaycanlını şəhid etdilər. Bu xalqın körpəsinə, qocasına, əlilinə belə acımadılar. Xocalı, Meşəli, Ağdaban, Başlıbel və başqa yerlərdə qətliamlar, soyqırımıları törətdilər.
1990-cı illərdə Ermənistan Azərbaycan ərazilərinin iyirmi faizini işğal etdi. Bir milyon Azərbaycan vətəndaşı ermənilərin zülmlərindən baş götürüb evlərindən qaçdılar. Qəsbkarlar ələ keçirdikləri kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi talan etdilər. Qarət etdikləri evlərimizi od vurub yandırdılar.
Azərbaycanın sülh arzusu
İşğal uzun çəkdi. Otuz ilə yaxın Ermənistanın əsarət altında saxladığı Qarabağ və Şərqi Zəngəzur torpaqlarının nisgili ilə yaşadıq. Həmin ərazilərimizi erməni vandalları xarabalığa çevirdilər.
Həmin illərdə işğalçı ölkənin silahlı qüvvələri Qarabağda və Şərqi Zəngəzurda səngərlər qazmaqla, istehkamlar qurmaqla Azərbaycan Ordusunun qarşısını alacağını güman etdilər. Rəsmi İrəvanın bir planı da havadarlarının dəstəyi ilə işğal müddətini uzatmaqla qəsbkarlığını davam etdirmək idi. Azərbaycanın mövqeyi isə aydın və qətiyyətli idi. Qarabağ və Şərqi Zəngəzur Ermənistanın əsarətində əbədi qalmayacaqdı. Lakin Azərbaycan sülhpərvərliyini nümayiş etdirərək torpaqlarının müharibə ilə deyil, danışıqlar yolu ilə azad olunmasını istəyirdi.
Həmin illər ərzində sülhə nail olmağa səy göstərən rəsmi Bakı bütün sahələrdə olduğu kimi hərb sahəsində də böyük işlər həyata keçirir, ordusunu gündən-günə gücləndirirdi.
Azərbaycan xalqı bineyi-qədimdən yurduna bağlı olub. Əsrlər keçsə də, nəsillər bir-birini əvəz etsə də, bu duyğu dəyişməyib. Odur ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan qurtulması üçün də hər bir vətənpərvər, yurdsevər Azərbaycan övladı ən ağır döyüşlərə atılmağa, sinəsini düşmən güllələrinə sipər etməyə hazır idi.
2020-ci il sentyabrın 27-də müharibə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başladı. Sentyabrın 28-də Prezident İlham Əliyev qismən səfərbərliyin elan edilməsi barədə sərəncam imzaladı.
Qələbəyə doğru
Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşdi. Minlərlə gənc işğalçı ölkənin silahlı qüvvələrinə qarşı döyüşərək Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi azad etmək üçün cəbhəyə yollandı.
Qırx dörd günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə bir qəhrəmanlıq səhifəsi kimi yazıldı. Qələbələr qazanaraq irəliləyən müzəffər Azərbaycan Ordusu peşəkarlığı, şücaəti ilə salnamə yazdı.
Müharibənin davam etdiyi vaxtda Prezident İlham Əliyev qardaş Türkiyənin A Haber televiziya kanalına müsahibəsində bildirdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın baş tacı Şuşa azad edildi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti üçtərəfli Bəyanat imzaladılar. Həmin gün dövlətimizin başçısı İlham Əliyev xalqa müraciət edərək diqqətə çatdırdı ki, işğalçılara ağır zərbələr endimişik: "Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir. Mən demişəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Onların "yenilməz" ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam".
Prezident İlham Əliyev qürurla, fəxrlə qeyd etdi: "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!"
Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldu. Dövlətimizin başçısı, Ali Baş Komandan bildirdi: "Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanofob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"