AZ

Şuşada doğulmayan gənclər bizdən daha çox şuşalı olublar Yurda qayıdışın qüruru

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Vətən və torpaq anlayışı hər bir azərbaycanlının ruhunu titrədən məfhumdur. 30 ilə yaxın davam edən işğal illərinin ağrısı, yurd nisgili, doğma ərazilərin azadlığı arzusu ilə insanlarımızın yaddaşından silinməz izlər buraxsa da, 44 günlük Vətən müharibədən - Şanlı Qələbəmizdən sonra qürur hissinə bürünüblər.

Əlbəttə, bu zəfərin, qələbənin arxasında Ali Baş Komandanımızın uğurlu siyasəti, şəhidlərin qanı, qazilərin fədakarlığı və xalqın birliyi dayanır.

Bu gün azad edilmiş torpaqlarda həyat yenidən canlanır, illərlə uzaq düşdüyümüz yurd yerlərinə qayıdış günbəgün sürətlənir...

Bir vaxtlar Şuşanın işğalına şahidlik edən, 44 günlük Vətən müharibəsindən sonra isə azad Şuşada yaşamağa başlayan Birinci Qarabağ müharibəsi veteranı, sabiq polis kapitanı Şünasib Babayev Oxu.Az-a müsahibəsində o illərin ağrılarını və bu günün qürurunu bölüşüb.

- Şünasib bəy, iki il əvvəl sizinlə görüşəndə Şuşaya qayıtmağa hazırlaşırdınız. O zaman mədəniyyət paytaxtımıza köçməyin necə hiss olması ilə bağlı təəssüratlarınızı bölüşmüşdünüz. İndi isə artıq Şuşadasınız və biz dədə-baba yurdunuzdakı evinizdə sizin qonağınızıq. Bu, necə hissdir?

- Həqiqətən də Allah bizim tərəfimizdə oldu. Rəhbərliyimiz, ordumuz, xalqımız, gənclərimiz bizdən də cəsarətli imişlər. 44 gün müddətində döyüşüb Vətən torpağını yağı düşmənin əlindən alıb ərazilərimizi azad elədik. Biz də onların sayəsində azad edilən ərazilərimizə köçdük. Artıq ikinci ildir ki, Şuşaya köçmüşük. Allah bunu bütün şuşalılara qismət eləsin.

- Köçəcəyinizə dair xəbərini necə aldınız?

- 2023-cü il sentyabrın 5-də Şuşaya köçmüşük. Artıq ikinci ildir. Birinci dəfə mənə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən zəng edib köçmək istəyimi soruşdular. İkinci dəfə isə köçəcəyimiz xəbərini verəndə sevincimdən ağladım. Çünki 30 ilə yaxın hamı gecə-gündüz Allaha yalvarırdı ki, torpaqlarımız azad olunsun, geri qayıdaq. İndi də bunun arzusunda olanlar var. Hətta Şuşada dünyaya gəlməyənlər də Şuşaya köçmək istəyirlər. Gənclər bizdən daha çox şuşalı olublar. Mən burada iki məqama diqqət çəkmək istəyirəm. Şuşalıların hamısı belə düşünür: Şuşada gəzəndə fikirləşirəm ki, doğrudan mən buradayam? Yəni hələ də inana bilmirəm. Çünki o qədər arzulayır, elə dərd çəkirdim ki, indi adam bilmir necə sevinsin. Oğlumun toyunu da Xankəndidə elədim. O, İkinci Qarabağ müharibəsi qazisidir. Digər məqam isə odur ki, insan vətənsiz olanda ümidsiz olur. İndi isə ümidim artıb, deyirəm ki, Allahım mənə daha çox ömür ver ki, Şuşanı yenidən doyunca gəzim. Şuşanın havası dərmandır, adama yeni nəfəs verir. Mənim ürəyimdə problem var, Bakıda nəfəs ala bilmirdim, Şuşaya gələndən sonra elə bil ki, ürəyimdə heç nə yoxdur.

- Şuşanın işğalı vaxtını, yaralanmağınızı necə xatırlayırsınız?

- 1992-ci ildə mart ayının 29-da ermənilər Şuşanı üç istiqamətdən atəşə tutduqları zaman ağır yaralandım. Onlar Şuşa Rayon Polis Şöbəsini vurdular. Mənimlə yanaşı bir neçə nəfər də yaralandı. Nizami Məmmədov və Sadıq Hüseynov yanımda şəhid oldular. Hər ikisi Azərbaycanın Milli Qəhrəmanlarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu haqda danışmaq çox ağırdır. Şükür ki, bu gün Şuşa artıq azaddır.

- Azərbaycan ordusu İkinci Qarabağ Müharibəsində dinc əhalini, mülki infrastrukturu heç bir halda hədəf almadı. Amma Qarabağ işğal edilərkən ermənilərin nələr törətdiyinə, işğal zamanı Şuşanı viran qoymalarına da şahidsiziniz. Buna bir şuşalı, döyüşçü, erməni xislətinə bələd biri kimi necə qiymət verirsiniz?

- Ermənilərin qəbirlərinə baxın, Xankəndidə onların qəbiristanlığına baxın, hamısı yerindədir. Amma bizim-dədə babalarımızın qəbirlərini necə dağıdıblarsa, izini də tapa bilmirik. Dünyanı da aldatmaq istəyirlər ki, vandallıqlarını gizlətsinlər. Ermənilər həmişə elə danışırdılar ki, böyük orduları, "dənizdən dənizə" xülyaları var. Amma indi hər şey dəyişib. Özümüzü əsl döyüşçü, qürurlu hiss edirik. Biz o vaxt Qarabağda müəyyən ərazini ən azından özümüzdə saxlamışıq. Müqavimətimiz olmasaydı, ermənilər daha böyük əraziləri işğal edə bilərdilər. Biz də canımızı sipər etmişdik. Gənclər də Vətən müharibəsi zamanı bizə örnək oldular. Biz gənclərimizlə fəxr edirik ki, onlar torpaqlarımızı azad etdilər.

- Qarşıdan 8 noyabr Zəfər Günü gəlir. Bu günü uğrunda döyüşdüyünüz, yaralandığınız və 30 ilə yaxın həsrətini çəkdiyiniz Şuşada qeyd etmək necə hissdir?

-Keçən il Zəfər bayramını Şuşada qeyd elədim. Bir də var, məğlubiyyət kədəri ilə yaşayasan, hər il mayın 8-i Şuşanın işğal günündə əzab çəkəsən. Yəni o zamanın əzablarını canımızda daşıyırdıq. Onda necə qürurlu olmaq olardı? Bizə məğlub ordunun əsgərləri deyirdilər. İndi isə öz zəfərimiz var. Düşünürdüm ki, bu necə hissdir? İndi o hissləri yaşayıram. Fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam.

"Şuşada doğulmayan gənclər bizdən daha çox şuşalı olublar" – Yurda qayıdışın qüruru

Mərahim Nəsib

Video: Əqdəm Qasımov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
oxu.az

2Mənbələr