AZ

İşsizlərə də dəfn pulu veriləcək? – Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda vəfat etmi. şəxslərin yaxınlarına dəfn üçün müavinət verilir. Lakin bu, bütün şəxsləri əhatə etmir. Belə ki, qanunvericiliyə görə dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir.

Ölkədə hazırda dəfn üçün ayrılan vəsaitin məbləği 600 (altı yüz) manatdır.

Təqaüdçülərin dəfni üçün ayrılan vəsait isə birbaşa pensiyanın minimum məbləğindən asılı olaraq dəyişir. Təqaüdçülər vəfat etdikdə onların dəfnini üzərinə götürən şəxslərə dəfn üçün minimum pensiyanın (320 manat) üç misli, yəni 960 manat ödənilir.
 

Məlum olduğu kimi, ölmüş şəxsin dəfni, məzar yeri, məzar daşı və yas mərasiminə xeyli vəsait sərf olunur. Bu müavinət də xərclərin bir hissəini qarşılamağa xidmət edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dəfn pulu yalnız işləyən şəxslərə və təqaüdçülərə verilir.


Dəfələrlə Milli Məclisdə işləməyən şəxslər vəfat etdikdə yaxınlarına dəfn pulunun verilməsi təklif olunsa da bu, elə təklif olaraq qalıb. Yaxın günlərdə parlamentdə gələn ilin büdcə layihəsi müzakirə olunacaq.

Bəs bu məsələ nəzərə alınacaqmı? Bununla bağlı müsbət nəticə əldə etmək mümkün olacaq?

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafaya müraciət etdik.

Deputat Bizim.Media-ya bildirib ki, işsiz və işləyənlər arasında böyük fərq qoyulmamalıdır:

“Bir çox halda işsizlik vətəndaşların günahı kimi də qəbul olunmamalıdır. Təbii ki, işləməyən insanlar da var. Hər kəs çörək yemək istəyir.
 

Hamı istəyir ki, müəyyən iş sahibi olsun və vəsait qazansın ki, gündəlik keçimini həyata keçirmək mümkün olsun. İndiki vəziyyətdə fərq qoymaq olmaz. Xüsusilə də dəfn məsələsində bütün insanların bərabərliyi gözləniməlidir.


Hər hansı bir şəkildə fərqləndirmək yanlış anlaşıla bilər. Ona görə də işləyən, işsizə dəfn pulunun eyni miqdarda verilməsi ədalətli qərardır və bu qərarın olması cəmiyyətdə müəyyən dərəcədə insanların sosial qayğısına qalmağın bir elementi kimi qiymətləndirilə bilər”.

Onun sözlərinə görə, dəfn olunan insanın bütün sıxıntıları onun yaxınlarının üzərində qalır:

“Çox vaxt imkansızlıq onlara adi bir insani borcu yerinə yetirməyə imkan tanımır. Ona görə də belə bir addımın atılması hamının marağına uyğun bir addım kimi qiymətləndirilə bilər”.

Günay Şahmar, Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr