Bu, həm siyasi-diplomatik, həm də hərbi-siyasi müstəvidə gücdür
Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar yekunlaşır. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25" qırıcı təyyarəsi də görülüb. Gözlənilir ki, paradda iki ölkə prezidenti-Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif də iştirak edəcək.
Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycana səfər edəcəyi gözlənilir. "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. Diplomat bildirib ki, səfərin başlanması tarixi hələ dəqiqləşməyib: “Pakistan nümayəndə heyətinə hörmətli baş nazir rəhbərlik edəcək. Səfər Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə 8 noyabrda Bakıda keçiriləcək Zəfər paradında iştirak məqsədi daşıyır”.
Pakistan Senatının sədri Seyid Yusif Rza Gilani də təsdiq edib ki, Pakistan ən yüksək səviyyədə 8 Noyabrda keçiriləcək Zəfər paradında iştirak edəcək: "Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur".
Dünyanın ən güclü orduları siyahısında Azərbaycan 59-cu sırada yer alıb, qardaş Türkiyə 8-ci pillədə qərarlaşıb, dost Pakistan onun ardınca 9-cu yerdədir. Üç dost və qardaş ölkə arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulub. Bu gün Azərbaycan, Türkiyə və Pakistanın hərbi-siyasi əməkdaşlığı iki istiqamətdə həyata keçirilir. Birinci yaxınlaşma hər üç ölkənin regional hərbi təhdidlərə qarşı birgə fəaliyyət göstərməsidir. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesində siyasi-mənəvi birliyin nümayiş etdirilməsi. Yəni həm Pakistan, həm də Türkiyə Azərbaycana siyasi dəstək nümayiş etdirdilər. Biz bilirik ki, Türkiyə, Azərbaycan və Pakistan mütəxəssisləri müxtəlif silah və texnikaların birgə modernləşməsi istiqamətində addımlar atırlar, həmçinin satınalmalar reallaşdırılır. Pakistanlı mütəxəssislərin Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə də əməkdaşlığı mövcuddur. 8 noyabr paradı Azərbaycan-Pakistan-Türkiyə arasında hərbi-texniki sahədə daha ciddi layihələrin reallaşacağına dəstək olacaq. Təbii ki, bayrağında ay-ulduz olan üç ölkə liderinin Bakıda hərbi paradda verəcəyi mesaj da önəmlidir.

Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən hərbi paradda iştirak etmişdi və bununla bütün dünyaya Türkiyənin Azərbaycanın yanında olduğu, Azərbaycanın ərazi bütövlüyünü istənilən səviyyədə dəstəkləyəcəyi, siyasi müttəfiqliyi hərbi müttəfiqlik səviyyəsinə keçirdiyi mesajını vermişdi: “Qələbəmizin 5 illiyi münasibətilə keçiriləcək hərbi parada Türkiyə Prezidenti ilə yanaşı, Pakistanın baş nazirinin qatılması da təbii qarşılanmalıdır. Burada da dünyaya mesaj veriləcək ki, Türkiyə və Pakistan Azərbaycanın ən yaxın müttəfiqləridir, Azərbaycanın daim yanındadırlar. Bununla Türkiyə və Pakistan dünyaya mesaj vermiş olacaqlar ki, Azərbaycan-Türkiyə-Pakistan həm mütəfiqdirlər, həm də hərbi sahədə əlaqələri qarşıdakı dönəmdə daha da genişləndirəcəklər. Azərbaycan Türkiyədən hərbi texnika almaqla yanaşı, Pakistan hərbi təyyarələrinə də ciddi maraq göstərir. Gələcəkdə üç müttəfiq dövlətin hərbi texnikaları birgə istehsal etməsi də mümkündür”.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, iki qardaş dövlətin rəhbərlərinin məhz qələbənin 5 illiyi paradında iştirak etməsi dosta güvən, düşmənə göz dağı olacaq: “Azərbaycan ərazisinə, əhalisinin sayına görə balaca dövlətlərdən sayılır. Bu bizim zəifliyimiz anlamına gəlməməlidir, bu, təbiidir. Bütün bunlarla bərabər, Azərbaycan dövləti özünün dünyada çəkisi ilə fərqlənir. Azərbaycanın sözü dünyanın hər tərəfində keçir, qəbul edilir. Özəlliklə də dünyanın bir nömrəli qlobal gücü olan ABŞ Azərbaycanın sözünə güvənir, onunla işbirliyinə önəm verir. Belə bir şəraitdə qardaş Türkiyənin və qardaş Pakistanın liderlərinin Azərbaycana məhz qələbə paradı günündə gəlmək istəyi əslində həm də onun göstəricisidir k, biz qədər imkanlarımızla bərabər meydanda tək deyilik, yanımızda qardaş ölkələrin rəhbərləri də var. Mən istərdim ki, bu parada Türk Dövlətləri Təşkilatının bütün üzvlərinin rəhbərləri gəlsin, o cümlədən də qardaş Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilmiş prezidenti də bu paradda iştirak eləsin. Vaxta hələ bir müddət var. Bəlkə də elə bu cür də olacaq. Yəni biz artıq bundan sonrakı mərhələdə yanımızda ən azından türk dövlətlərinin başçılarının hamısını görməliyik. Onlarla bərabər, əlbəttə ki, Pakistan kimi dost-qardaş dövlətin rəhbərinin də bizim yanımızda olması təbiidir. Bu parad Türk dünyasının dünyaya gücünün göstərisi olmalıdır. Dünyanın güclü ordusuna sahib Türkiyə və Pakistanın bizim yanımızda olması bizim həm gücümüzün etirafıdır, həm də onların bizimlə birlikdə dünyaya mesajdır. Mesajı bizə qarşı aqressiv mövqedə olan dövlətlər qəbul etməlidir. Eyni zamanda bizimlə dost olan digər böyük güclər də buradan hesabını götürəcəklər ki, Azərbaycanla dostluq əbəs deyilmiş”.

Hikmət Babaoğlu
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın keçirdiyi Zəfər paradlarına ona dost, qardaş olan ölkələrin liderləri qatılırlar: “Azərbaycanda Zəfər Günü ilə bağlı keçirilən parad təkcə xalqımızın tarixi zəfərinin qeyd olunması deyil, həm də ədalətin təntənəsinin simvoludur, beynəlxalq hüququn və sülhün əldə edilməsinin rəmzidir. Ona görə də tarixi parad bütün əzilən, haqları pozulan, ədalətsizliyə məruz qalan xalqlar üçün gücün yaratdığı ədalətin nümayiş etdirilməsi hadisəsidir. Məhz buna görə də Azərbaycanın müttəfiq, dost və qardaş ölkələri Zəfər paradlarında iştirak edirlər. Biz qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın paradda iştirakına şahidlik etmişik. Artıq təsdiq olunmuş məlumatlara görə, qardaş Pakistanın baş naziri cənab Şahbaz Şərif də hərbi paradda iştirak edəcək. Bu paradda qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edə bilər. Nəticə etibarilə, beynəlxalq münasibətlər sistemində, hərbi-siyasi güc faktoru kimi Türkiyə-Azərbaycan-Pakistan üçbucağı mövcuddur. Bu, həm siyasi-diplomatik müstəvidə mövcud olan üçbucaqdır, həm də hərbi-siyasi müstəvidə mövcud olan gücdür. Tarixi Zəfərin əldə edilməsində bu birliyin, müttəfiqliyin özünəməxsus rolu var. Ona görə də parad möhtəşəm şəkildə baş tutacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  
