AZ

MTK sahibləri binaların park yerləri ilə bağlı özbaşınalığı davam etdirir...


Elnur Fərzəliyev: "Sakinlər qarajların onlara məxsus olmasını tələb etməlidir, çünki..."

Bakıda inşa edilən çoxmənzilli binaların sakinləri üçün avtomobilləri park etmək əsl problemə çevirilib. Şəhərdə əhali sayı və sıxlıq artdıqca bu problem daha aktual xarakter alır.

Məlumdur ki, tikinti şirkətləri yüksəkmərtəbəli binalar inşa edib, onları vətəndaşlara satarkən yalnız onun maliyyə tərəfini hesablayır, sakinlərin gələcəkdə qarşılaşa biləcəyi problemlər onları maraqlandırmır. Avtomobilləri bina altındakı dayanacaqlarda park etməyə icazə verilməməsi sakinləri yol kənarınlarında parklamaya məcbur edir ki, bu da öz növbəsində nəqliyyatın hərəkətinə maneə törədir və pik saatlarda tıxacın yaranmasına səbəb olur.

Qeyd edək ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, binalarda qaraj kimi satılan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qanunvericiliyə görə, mənzillərin zirzəmisi satıla və ya kirayə verilə bilməz.

Maraqlıdır, parkinq yerlərinin ayrıca satılması əvəzinə, mənzilin ümumi dəyərinə daxil edilməsi daha məqsədəuyğun olmazdı?

"MTK-ların tikdikləri binalarda qarajlar sakinlərin ümumi əmlakı sayılmalıdır"

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirib ki, MTK-ların tikdiyi binalarda qarajlar sakinlərin ümumi əmlakı sayılmalıdır: “Bu gün paytaxtda çoxlu sayda yeni bina tikilib. Hazırda şəhərdə bir çox binalarda qarajlar yoxdur. Hər mənzil üçün ən azı 1 maşınlıq dayanacaq olmalıdır. Amma bir sıra binalarda 200-300 mənzil olduğu halda 30-40 maşınlıq dayanacaq olur. Bu da şəhərdə sıxlıqların yaranması ilə nəticələnir. Ara küçələrdə maşınla gedib-gəlmək olmur. İnsanlar maşınlarını kənar ərazilərdə saxlamağa məcbur olurlar. Şəhər get-gedə sıxlaşır. Bu gün binalar arasında uşaqlar üçün, istirahət üçün ayrılan ərazilər tikinti sahəsinə çevrilib. Avtomobili saxlamaq üçün yer tapmaq olmur. Binaların altındakı qarajların satış qiyməti mənzillərdən 2-3 dəfə bahadır. Bir maşınlıq qarajın qiyməti 30 min manatdan 50-60 min manata qədər dəyişir. Qarajların sakinlərə təhvil verilməsi məsələsində bir neçə nüans var. Biri var MMC, bir də var MTK. Binanı MMC tikirsə, binadakı hər bir şey ona məxsus olur. Həmçinin binanın altındakı qarajlar və obyektlər də. Amma binanı MTK tikibsə onun altındakı qarajlar sakinlərə məxsus olmalı və onların ümumi əmlakı sayılmalıdır. Təəssüf ki, bir çox binalarda buna əməl edilmir. Sakinlər də qarajların onlara məxsus olmasını tələb etmirlər. Çünki əvvəldən belə görülüb ki, MTK o qarajları satmalıdır. Sakinlər bununla bağlı heç yerə şikayət etmirlər. Ümumiyyətlə, hansısa məsələ ilə bağlı şikayət edənlər yalnız bəzi köhnə binalarda yaşayan sakinlər olur. Çünki o köhnə binalarda yaşayan sakinlərin çoxu bir-birini tanıyır. Onlar birlikdə nəyisə müzakirə edə bilirlər. Amma yeni tikili binalarda belə olmur, sakinlərin çoxu bir-birini tanımır. Onların harasa şikayət etmələri üçün binalarda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qurulmalıdır. Bu, qanunda da var ki, MTK binanı tikib təhvil verəndən sonra binadan uzaqlaşmalıdır ki, binanın idarəetməsi sakinlər tərəfindən aparılsın. Buna riayət olunarsa binanın altındakı qarajlar da sakinlərin istifadəsində qalar. Reallıq odur ki, MTK-lar binanı sakinlərə təhvil vermək istəmirlər. Çünki kommunal pullardan böyük qazanc götürürlər”.

Günel CƏLİLOVA

Seçilən
32
baki-xeber.com

1Mənbələr